300-dən çox nümayəndə Bakıya gəlir

Mayın 19-23-də Bakı BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi - “GlobE Network” çərçivəsində Altıncı Plenar İclasa və İdarəetmə Komitəsinin Onuncu Görüşünə ev sahibliyi edəcək.
TNS xəbər verir ki, bu barədə baş prokurorun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədovun rəsmi mətbuatda dərc olunmuş məqaləsində qeyd olunub.
Bildirilib ki, tədbirdə 92 ölkədən 120-dən çox dövlət qurumu – o cümlədən 21 prokurorluq, 53 müstəqil antikorrupsiya qurumu və 16 beynəlxalq təşkilatdan – ümumilikdə 300-dən artıq nümayəndənin fiziki, 60-dan artıq iştirakçının isə onlayn formatda iştirakı nəzərdə tutulur. Panel, sessiya və paralel tədbirlərdə 100-dən artıq çıxış planlaşdırılır.
Məqalədə, həmçinin vurğulanıb ki, tədbir çərçivəsində süni intellektin korrupsiyaya qarşı mübarizədə tətbiqi, aktivlərin müsadirəsi, bank hesablarının dondurulması, ictimai maarifləndirmə kimi aktual mövzularda plenar sessiyalar və paralel tədbirlər keçiriləcək, eyni zamanda ikitərəfli görüşlər və əməkdaşlıq memorandumlarının imzalanması da nəzərdə tutulur.