Ceyhun Bayramov Bəhreyn Krallığının vəliəhdi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bəhreynə rəsmi səfəri çərçivəsində bu ölkənin vəliəhdi və Baş naziri Salman ibn Həməd ibn İsa Əl-Xəlifə ilə görüşüb.
TNS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan-Bəhreyn ikitərəfli və çoxtərəfli əməkdaşlığının hazırkı durumu, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf perspektivləri, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub.
C.Bayramov rəsmi səfəri çərçivəsində nümayiş olunan yüksək qonaqpərvərliyə görə təşəkkür edib, bugünkü səfərin iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə olacağına dair ümidvarlıq ifadə edib.
İki ölkə arasında ali və yüksək səviyyədə siyasi dialoqun səviyyəsindən məmnunluq ifadə olunub, bu dinamikanın iqtisadiyyat, ticarət, investisiyalar, turizm, logistika, informasiya və kommunikasiya texnologiyaları üzrə konkret təşəbbüslər vasitəsilə daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
2026-cı ilin Azərbaycan və Bəhreyn arasında diplomatik münasibətlərinin 30 illiyi ilə əlamətdar olacağı məmnunluqla qeyd edilib, bu illər ərzində münasibətlərin əsaslandığı prinsiplərin bundan sonra da əməkdaşlığın inkişafında rəhbər tutulmasının əhəmiyyəti qeyd edilib.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.