Close

Ölkəmizin çox ağır dönəmində Ümummilli Lider tərəfindən xarici siyasətin əsasları müəyyən edilib

Bütün sahələrdə olduğu kimi, xarici siyasətdə də Azərbaycanın dünya miqyasında ciddi, müstəqil suveren xarici siyasət həyata keçirməsi ölkəmizə böyük nüfuz qazandırıb. Bu gün Azərbaycan beynəlxalq platformalarda nəinki bir çox regional, o cümlədən qlobal miqyaslı təşəbbüslərin müəllifi və onları icra edən bir dövlətdir. Bütün bu uğurların əsasında məhz Ulu Öndər Heydər Əliyev tərəfindən zamanında müəyyən edilmiş xarici siyasət kursu dayanır.

TNS xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

"Ölkəmizin çox ağır, işğal və aqressiya ilə üzləşdiyi dönəmlərdə, müstəqilliyin ilk illərində Ümummilli Lider tərəfindən xarici siyasətin əsasları müəyyən edilib. On il ərzində Ulu Öndərin Azərbaycan həqiqətlərini, ölkəmizin suveren xarici siyasətini, ərazi bütövlüyünü təmin etmək üçün yorulmaz fəaliyyəti məhz bu ciddi əsası yaratdı. Biz böyük qürur və fəxarət hissi ilə Prezident İlham Əliyev tərəfindən həmin xarici siyasətin böyük məharət və uğurla davam etdirilməsinin şahidiyik", - deyə C.Bayramov fikirlərini tamamlayıb.