Ceyhun Bayramovla Məhəmməd İshaq Dar arasında telefon danışığı aparılıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı aparılıb.
Xarici İşlər Nazirliyindən TNS-ə verilən məlumata görə, nazirlər cari regional təhlükəsizlik vəziyyətini, Pakistanla Hindistan arasında artan gərginliyi müzakirə ediblər.
Pakistan naziri 6-7 mayda Hindistanın Pakistana qarşı raket hücumları və Pakistan tərəfinin cavab tədbirləri barədə məlumat verib. Hindistanın hücumlarından əsasən mülki əhalinin zərər gördüyü, onlarla insanın həlak olduğu, Pakistan tərəfinin isə buna cavab olaraq hərbi obyektləri hədəf aldığı bildirilib. Pakistan naziri həmçinin bir sıra ölkələrin xarici işlər nazirləri ilə telefon danışığı apardığını və vəziyyəti ətraflı izah etdiyini diqqətə çatdırıb.
Ceyhun Bayramov öz növbəsində, Pakistan xalqı ilə həmrəyliyini ifadə edərək, mülki əhalinin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumları pisləyib.
Nazir eskalasiyanın daha da genişlənməsinin qarşısının alınmasının zəruriliyini, gərginliyin diplomatik yolla və danışıqlar vasitəsilə aradan qaldırılacağına ümidvar olduğunu vurğulayıb.
Tərəflər telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.