“Bir görəydim ayrılığı kim saldı?” - O, azərbaycanlı olması ilə fəxr edir - VİDEO

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumunda İran Prezidenti Məsud Pezeşkianın Azərbaycanın dahi şairi Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasından bir neçə misra səsləndirməsi salonda alqışla qarşılanıb. Bu və bununla yanaşı, səfər zamanı bir sıra ikitərəfli sazişlərin imzalanması, Azərbaycan və İran arasında normativ-hüquqi bazanın möhkəmləndirməsi ilə bərabər, gələcək əməkdaşlıq üçün əlverişli mühiti formalaşdırmağa təkan verib.
Ümumiyyətlə, son dövrdə İran və Azərbaycan arasında münasibətlərdə yeni səhifə açılır. Bəs, dövlətlərarası münasibətlərdə sözügedən dönüş nə vaxtdan başlayıb?
Mövzunu TNS-ə politoloq İlyas Hüseynov şərh edib.
O bildirib ki, 2024-cü ilin əvvəlində münasibətlər tədricən normallaşmağa başlayıb:
"May ayında iki ölkənin prezidentləri Araz çayı üzərində "Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində iştirak etdilər. Azərbaycan-İran sərhədində baş tutan tarixi görüş iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi hesab olunur. Məsud Pezeşkian hakimiyyətə gəldikdən sonra Azərbaycan-İran əlaqələri yüksələn xətlə inkişaf etməyə başladı.
Məsud Pezeşkian etnik mənşəyini açıq şəkildə vurğulayaraq İranda seçkilərdə qalib gələn ilk siyasətçi kimi tarixə düşüb. O, azərbaycanlı olması ilə fəxr etdiyini gizlətmir və bu, iki ölkə arasında münasibətlərin daha da yaxşılaşmasına ümid verir".
Politoloqun sözlərinə görə, Pezeşkian Bəndər Abbasda partlayış səbəbindən Bakıda səfərini qısaltmaq məcburiyyətində qalıb: "Lakin İran Prezident Administrasiyasının siyasi şöbəsinin müdir müavini Mehdi Sənai Pezeşkianın Bakıya səfərinin intensiv olacağını və onun faciə ilə bağlı vəziyyətə şəxsi nəzarət zərurətinə görə bir gün çəkəcəyini bildirdi. Amma Prezidentin proqramına baxdığımız zaman rəsmi görüşlər, sənədlərin imzalanması, biznes-forumda iştiraka qədər, Bakı gəzintisi də daxil olmaqla səfərin çox geniş gündəliyinin olduğunu gördük. Məhz buna görədir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu səfəri və İranın Azərbaycanla əlaqələrini çox önəmli hadisə kimi xarakterizə etdi. Bu səfər həqiqətən də iki ölkə arasında yeni səhifə aça bilər. Səfər ərəfəsində Bəqainin Cənubi Qafqazın sabitliyində aparıcı rola malik ölkə kimi Azərbaycanı “İran üçün əhəmiyyət daşıyan əsas aktor” adlandırması da çox vacib açıqlamadır.
İran prezidenti deyib ki, “Yaxın vaxtlarda yenidən qardaşımın qonağı olacağam. Burada özümü yad hiss etmirəm. İndi İranda baş verən partlayışa görə uzun müddət qala bilmirəm”. Pezeşkian qeyd edib ki, “Biz imkan verməyəcəyik ki, kimlərsə Azərbaycanla münasibətlərimizi korlasınlar, aramızda fikir ayrılığı yaratsınlar. Azərbaycanda olmaqdan çox şaddır. İran lideri bildirib ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir: "Ümid edirəm ki, bizim iştirakımız və ekspertlərimiz arasında keçirilən görüşlərdən sonra imzalanacaq sazişlər Azərbaycanla münasibətlərimizdə daha böyük addımlara doğru hərəkatın başlanğıcı olacaq".
Politoloq Pezeşkianın Bakıya səfəri ilə bağlı açıqlamasını xatırladıb: “Dünən Bakıda Azərbaycan Respublikasının Prezidenti, əziz qardaşım İlham Əliyevlə razılaşmalar əldə olundu, sənədlər imzaladıq. Bu səfər etimadın möhkəmləndirilməsi və elmi, iqtisadi, mədəni və təhlükəsizlik sahələrində hərtərəfli əməkdaşlıq üçün yeni üfüqlərin açılması üçün müqəddimədir. Qonaqpərvərliyinə görə cənab İlham Əliyevə təşəkkür edirəm”.
İlyas Hüseynov deyib ki, İran Prezidenti Pezeşkianın Bakıya səfərini İran-Azərbaycan münasibətlərində praqmatizmin sınağı və ya münasibətlərin formatlanması hesab etmək olar: "İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri sadəcə diplomatik jest deyil, qardaşlıq ritorikası ilə sərt regional reallıqlar arasında balansı bərpa etmək cəhdi idi. İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian AzTV-yə müsahibəsində Azərbaycana səfəri barədə danışarkən demişdi ki, Azərbaycanla münasibətlərimizdə yadlaşma hissi yoxdur.
Beləliklə, Pezeşkianın Azərbaycana səfəri böyük uğurla yadda qaldı. Səfər zamanı əldə olunan razılaşmalar, imzalanmış sənədlər İran-Azərbaycan dostluğunu və qardaşlığını bir daha təsdiqləyir. Bu rəsmi səfərin çox gözəl siyasi nəticələri olacaq. Xüsusilə vurğulamaq lazımdır ki, prezidentlərin Birgə Bəyanatı gələcək əməkdaşlığın yolunu göstərən çox ciddi sənəddir. İran Prezidentinin Azərbaycana səfəri qarşılıqlı əlaqələrin inkişafında çox böyük rol oynayacaq. Şimal-Cənub nəqliyyat dəhlizi bu layihədə iştirak edən bütün tərəflərə böyük fayda verəcək. Azərbaycan və İran arasında əməkdaşlığın dərinləşməsi üçün çox gözəl imkanlar var. Həm siyasi, həm iqtisadi, həm də bütün başqa sahələrdə əməkdaşlığın inkişafı iki qardaş xalqın marağındadır".
Onun sözlərinə görə, İran və Azərbaycan nəinki Şimal-Cənub, Şərq-Qərb dəhlizlərini daha da inkişaf etdirə bilərlər: "Bunun üçün hər iki tərəfdə mütəmadi əlaqə, siyasi iradə vacibdir. İki lider açıqlamaları zamanı birgə istehsal motivasiyasının qurulmasını təklif etməklə təşkilatı fəaliyyətin makro əsasları üzərində də dayandılar.
Səfərin ən həssas məqamlarından biri Pezeşkianın özünü Təbrizdəki, Ərdəbildəki kimi hiss etməsi ilə bağlı səsləndirdiyi fikirdir. Bu, İranda yaşayan soydaşlarımız üçün də vacib açıqlamadır. Hərtərəfli vacib açıqlamanın digəri, Pezeşkianın çox yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcəyi anonsunu verməsidir. Bütövlükdə səfərin iki ölkə arasında münasibətlərin inkişafına ciddi təkan verəcəyi qədər, bölgənin təhlükəsizliyi, inkişafı, rifahı üçün əsas olduğunu vurğulamaq da mütləq vacibdir".
Azadə Yolçu