Close

Azərbaycanlı prokurorlar Çində

Prokurorluq əməkdaşlarının beynəlxalq təcrübəni öyrənməklə peşə hazırlığının yüksəldilməsi istiqamətində işlər daim diqqət mərkəzində saxlanılır. 

TNS xəbər verir ki, bu məqsədlə prokurorluq əməkdaşlarının təlim kurslarında, o cümlədən beynəlxalq tədbirlərdə iştirakı təmin olunur.

Cari ilin 20-28 aprel tarixlərində “Azərbaycan Respublikasının Baş Prokurorluğu və Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğu arasında” imzalanmış Anlaşma Memorandumunun icrası məqsədilə Çin Prokurorluğunun təşkil etdiyi təlimdə iştirak etmək üçün Baş Prokurorluğun nümayəndə heyəti Çin Xalq Respublikasına işgüzar səfər edib.

Səfərdə Azərbaycan Respublikasının Baş Prokurorluğunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Rail Bayramlı, Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəis müavini-Kriminalistika şöbəsinin rəisi Orxan Rzayev, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin rəis müavini Rüstəm Ələsgərov və digərlərindən ibarət nümayəndə heyəti təmsil edib.

Çinin Tianjin vilayətinin prokuroru Fenq Çau nümayəndə heyətini səmimi salamlayaraq tarixən xalqlarımız arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini vurğulayaraq, ötən ilin sentyabr ayında Bakıya səfəri və iştirakçısı olduğu Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağının möhtəşəm təşkil edildiyini qeyd edib. 

Rail Bayramlı yüksək qonaqpərvərliyə və səmimi qəbula görə təşəkkürünü ifadə edərək, Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevin salamlarını Tianjinin prokuroruna çatdırıb, ölkələrimiz arasındakı sıx münasibətlərin təzahürü olaraq müxtəlif səviyyələrdə intensiv qarşılıqlı səfərlərin baş tutduğunu bildirib. 

Görüşdə həmkarlar arasında səmərəli fikir mübadiləsi aparılıb.

Daha sonra əməkdaşlıq proqramı çərçivəsində növbəti günlərdə cinayət işləri üzrə beynəlxalq hüquqi əməkdaşlıq, elektron sübutlar, kibercinayətkarlıq, məhkəmələrdə prokurorun rolu və cinayət prosesinin rəqəmsallaşdırılması mövzularında seminarlar, qarşılıqlı müzakirələr, həmçinin Çin Xalq Respublikasının Baş Prokurorluğu, Pekin, Tianjin və Xepinq prokurorluqlarının inzibati binaları ilə yaxından tanışlıq keçirilib. 

Təlim çərçivəsində Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru Nigar Əskərova, Mətbuat Xidmətinin prokuroru Suad Qəhrəmanova və Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Murad Bayramlı Baş Prokurorluğun struktur qurumlarına dair təqdimatla çıxışlar edərək, prokurorluğun fəaliyyətinin rəqəmsallaşdırılması və cinayətkarlığın bütün növlərinə qarşı mübarizə sahələrində mövcud müsbət təcrübə və əldə olunmuş nailiyyətlər barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər.

Tədbirin sonunda təlimi uğurlu şəkildə başa vurmuş prokurorlar müvafiq sertifikatlarla mükafatlandırılıb.