Close

12:02
28 Aprel 2025

İnterpol Makronun mühafizə rəisini “Qırmızı bülleten”lə axtarışa verdi

İnterpolun Baş Katibliyi uzun prosedurdan sonra ümumi qərarla Fransa vətəndaşı Aleksandr Benallanın axtarışını əsaslı hesab edərək 2025-ci ilin aprel ayında “Red Notice” (“Qırmızı Bülleten”) ilə beynəlxalq axtarışa daxil edib və bu barədə bütün üzv dövlətlərə bildirişlər göndərib.

TNS "Report"a istinadla xəbər verir ki, qərarın əsası Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə 2024-cü ildə verilmiş hüquqi sorğu olub.

Məlum olduğu kimi, Fransa Prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz (hazırda Azərbaycandadır, məsuliyyətə cəlb olunub) 2018-ci ildə Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.

Həmin iş üzrə əvvəllər xarici və yerli mətbuatda dərc edilmiş məqalələrdə qeyd olunur ki, Fransa rəsmiləri Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli “Luna” yaxtasının beynəlxalq həbsdən azad ediləcəyini, özünün sanksiyalardan qorunacağını vəd ediblər.

Məlumatlara əsasən, F.Əhmədov milyonlarla dollarlıq rüşvətin bir hissəsini Anass Derrazın “AL HILAL BANK”-dakı hesabına və Aleksandr Benallanın “BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR”-dakı hesabına köçürüb.