Close

İrandakı səfirliyimizə hücum edən şəxsin edamına bütün hazırlıqlar tamamlandı

Azərbaycanın Tehrandakı Səfirliyinə hücum törədən İran İslam Respublikasının vətəndaşı Yasin Hüseynzadənin edamı barədə hökmün icrası üçün məhkəmə sistemində bütün hazırlıq işləri aparılıb.

Bu barədə TNS İRNA-ya istinadla xəbər verir.  

İranın məhkəmə sisteminin sözçüsü Əsgər Cahangir Azərbaycanın Tehrandakı səfirliyinə hücumu törədənin şəxslə bağlı hökm barədə sualı cavablandırarkən qeyd edib ki, yekun hökm var.

“Hökmlərin icrası qaydasında adıçəkilən şəxsə qarşı qisas qərarının icrası üçün bütün hazırlıqlar və proses hazırlanıb, məhkəmə sistemi bu hökmü icra etməyə hazırdır”, - o bildirib.

Xatırladaq ki, hadisə 27 yanvar 2023-cü ildə Bakı vaxtı ilə səhər saat 8:30-da baş verib. Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin əməkdaşları Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.

Azərbaycan Xarici İşlər Nazirliyi yanvarın 30-da səfirliyin əməkdaşlarını Tehrandan təxliyə edib və səfirliyin fəaliyyəti dayandırılıb. Hücum aktı ilə bağlı Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətində Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

3 fevral 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilib. Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.

Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri 29 yanvar 2023-cü il tarixində Tehrandan Bakıya təxliyə olunub.

İki dövlət arasında aparılmış danışıqlar nəticəsində 15 iyul 2024-cü il tarixindən etibarən Azərbaycanın İrandakı səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib, səfir və səfirliyin heyəti İrana geri dönüb.

Terror aktını törədən Yasin Hüseynzadənin isə iki il ərzində məhkəməsi keçirilib. Məhkəmədən sonra İran Ədliyyə Nazirliyi onun barəsində edam hökmünün çıxarıldığı barədə məlumat yayıb. İran Ali Məhkəməsi səfirliyə hücum edən şəxslə bağlı ölüm hökmünü təsdiqləyib və iş Tehrana cinayət hökmlərinin icrasına göndərilib.