Ceyhun Bayramov: "ATƏT-in mövcud platformalarına gələcəkdə daha çox ehtiyac olacaq"

ATƏT-in mövcud platformalarına gələcəkdə daha çox ehtiyac olacaq. Xüsusilə Azərbaycan-Ermənistan münaqişəsi artıq keçmişdə qaldığı üçün təşkilat bundan sonra bərpa və quruculuq proseslərində iştirak edə bilər. Bu mövzu ətrafında bu gün geniş fikir mübadiləsi aparılıb.
TNS xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 25-də ATƏT-in Baş katibi Ferudin Sinirlioğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
“Bu gün mövcud olan ağır beynəlxalq vəziyyət, davam edən hərbi münaqişələr, inamsızlıq, beynəlxalq səviyyədə parçalanma və bloklanma kimi trendlər diqqətə alınmalıdır. ATƏT geniş coğrafiyanı əhatə edərək, bir-birinin xarici siyasət yanaşmalarını paylaşmayan və düşmən mövqedə olan ölkələri eyni çətir altında birləşdirir. Diplomatiyanın əsas işi dialoq formatlarının təşkili və bu prosesin davam etdirilməsidir. Heç bir hərbi münaqişə sonsuza qədər davam edə bilməz. Münaqişələrin sona çatdırılması və açıq qalan məsələlərin həlli üçün mövcud platformalar son dərəcə əhəmiyyətlidir”, - deyə Ceyhun Bayramov vurğulayıb.