Close

Prezidentin Çin səfəri dünya mediasında - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri, onun Çin lideri Si Cinpinlə görüşü, iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat da daxil olmaqla əməkdaşlıq sənədlərinin imzalanması dünya mediasının diqqət mərkəzində olub.

TNS AZƏRTAC-a istinadən xəbər verir ki, Çinin milli xəbər agentliyi Sinxua, Çin Kommunist Partiyasının rəsmi nəşrlərindən olan “Jenmin Jibao” və “Global Times” qəzetləri, Çin Media Qrupuna daxil olan Çin Mərkəzi Televiziyası (CCTV), Çin Beynəlxalq Radiosu, CGTN telekanalı, habelə nüfuzlu “China Daily” qəzeti, digər qəzet və xəbər saytları Prezident İlham Əliyevin səfəri barədə bir neçə dildə çoxsaylı materiallar yayıb. Çin mediası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinin Sinxua agentliyinə məxsusi müsahibəsindən xəbərlər hazırlayaraq oxucularına təqdim edib.

2025_04_23_68093d024444a

Qardaş ölkə Türkiyənin “Anadolu” agentliyinin “Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq bəyanatı qəbul edilib” başlıqlı xəbərində dövlətimizin başçısının Çindəki təmasları çərçivəsində iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulmasına dair Birgə Bəyanat və bir sıra sazişlər, o cümlədən vizadan azadolma sənədinin imzalandığı qeyd olunub. DHA-nın “Çin lideri ilə Azərbaycan Prezidentindən strateji tərəfdaşlıq mesajı” adlı xəbərdə Si Cinpinin “Pekin Bakı ilə qarşılıqlı hörmət və ədalətə əsaslanan əməkdaşlıqda maraqlıdır” fikri vurğulanıb. Xəbərdə qeyd olunub ki, Prezident İlham Əliyev Azərbaycanın “Vahid Çin” prinsipinə sadiq olduğunu bildirib, Çinin Qlobal İnkişaf, Qlobal Təhlükəsizlik və Qlobal Sivilizasiya təşəbbüslərinin dünyada sülh, sabitlik və rifah üçün imkanlar yaratdığını vurğulayıb. “CNN Türk” telekanalının Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə Çinə səfəri ilə bağlı xəbərində Si Cinpinin “Çin Azərbaycan ilə münasibətlərə strateji və uzunmüddətli perspektivdən baxır və inkişaf etdirir” fikri vurğulanıb, Pekinin Bakı ilə hərtərəfli əməkdaşlıqda yeni səhifə açmağa hazır olması faktı qabardılıb. “Haber Global” telekanalı, “İhlas” xəbər agentliyi Azərbaycan Prezidentinin Çinə səfərinə dair xəbərlər yayıb. “Milliyet” qəzeti “Azərbaycan Prezidenti və Çin Xalq Respublikasının Sədrindən “strateji tərəfdaşlıq” mesajı” adlı xəbərində iki ölkə arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb, vizadan azad edilməsi haqqında sazişin imzalandığı diqqətə çatdırılıb.