“Azərbaycan Türkiyənin enerji təhlükəsizliyinə töhfə verən ölkələrdən biridir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Təbii Qaz Sahəsi üzrə Əməkdaşlıq Sazişini təsdiq edib.
Sazişin əhəmiyyətini TNS-ə şərh edən deputat Vüqar Bayramov bildirib ki, Türkiyə ilə Azərbaycan arasında genişmiqyaslı əməkdaşlıq var: “İki ölkə arasında strateji münasibətlər daha da dərinləşir. Təbii qaz sahəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. Bu gün Azərbaycan Türkiyənin enerji təhlükəsizliyinə töhfə verən ölkələrdən biridir. TANAP vasitəsilə bu həyata keçirilir. Son illər “Şahdəniz”in ikinci fazasının hasilatı artırması Türkiyəyə daha çox mavi qazın nəql edilməsinə imkan yaradır”.
Deputat qeyd edib ki, yeni sazişin təsdiq edilməsi iki ölkə arasında enerji sahəsində əməkdaşlıq baxımından yeni imkanlar yaradacaq: “Türkiyə Azərbaycandan daha çox mavi qaz almaqda maraqlıdır. Azərbaycan da qardaş ölkənin enerji təhlükəsizliyinə daha yaxından töhfə vermək istəyir, bu istiqamətdə real addımlar atır. Ona görə də bu saziş bütövlükdə strateji əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcək”.
Xatırladaq ki, adıkeçən saziş 2024-cü il mayın 14-də İstanbul şəhərində imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il iyulun 8-də Sazişi təsdiqləyib.
Aygün