Daşkənddə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin konfransı keçirildi

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransı keçirilib.
Bu barədə TNS-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
"Bandunq Ruhunun 70 İlliyinin qeyd olunması: Bandunq prinsiplərinin dəstəklənməsində parlamentlərin rolu" mövzusuna həsr olunmuş konfransa Milli Məclisin və Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova sədrlik edib.
Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 4-cü Konfransının Bandunq Bəyannaməsinin qəbulunun ildönümünə təsadüf etməsi baxımından da əlamətdar olduğunu deyən Sahibə Qafarova vurğulayıb ki, bu ay Qoşulmama Hərəkatının yaradılmasının əsasını qoyan Bandunq prinsiplərinin 70 illiyi qeyd olunur. 2019-2024-cü illərdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyini xatırladan Sahibə Qafarova deyib ki, 2019-cu ildə Qoşulmama Hərəkatının Bakıda keçirilən 18-ci Zirvə Toplantısında Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın sədrlik prioritetlərini və fəaliyyətini Bandunq prinsipləri əsasında quracağını, ədaləti və beynəlxalq hüquq normalarını qətiyyətlə müdafiə edəcəyini, Qoşulmama Hərəkatının rolunu və nüfuzunu daha da artırmaq üçün çalışacağını vurğulayıb. Qoşulmama Hərəkatının Sədri kimi Prezident İlham Əliyevin bir sıra təşəbbüsləri Hərəkat üzvləri arasında həmrəyliyin, qarşılıqlı dəstəyin və çoxşaxəli əməkdaşlığın gücləndirilməsi, habelə onun institusional inkişafı üçün həyati əhəmiyyət kəsb edib. Milli Məclisin sədri Parlament Şəbəkəsinin yaradılmasını da Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin mühüm nailiyyətlərindən biri kimi qiymətləndirib.
Parlament Şəbəkəsinin 2021-ci ilin noyabrında Madriddə Parlamentlərarası İttifaqın 143-cü Assambleyası çərçivəsində keçirilən konfransda yaradıldığını xatırladan spiker Sahibə Qafarovanın sözlərinə görə, həmin vaxtdan bu günədək Parlament Şəbəkəsinin üç konfransı keçirilib. Bu tədbirlərdə 70 ölkədən, 15 beynəlxalq təşkilatdan olmaqla, iştirakçıların ümumi sayı 1000 nəfərdən çox olub. Bu gün isə Parlament Şəbəkəsi Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentlərinin yarısından çoxunu təmsil edir. Hazırda Parlament Şəbəkəsi 6 təşkilatda müşahidəçi statusuna malikdir, 7 təşkilat isə Şəbəkədə müşahidəçi statusu alıb. Həmçinin 7 təşkilatla Anlaşma Memorandumu imzalamaqla, Şəbəkə beynəlxalq əməkdaşlıqda iştirakını daha da genişləndirib.
O, üzv parlamentləri bu prosesdə fəal iştirak etməyə və ümumi məqsədlərin təşviqi istiqamətində birgə işi davam etdirməyə çağırıb.
Sonra konfransda çıxış edən Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson, təşkilatın Baş katibi Martin Çunqonq, Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Pakistan İslam Respublikası Senatının sədri Seyid Yusuf Rza Gilani, Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova, Misir Nümayəndələr Palatasının sədri Hanafi Gebali, Mərakeş Krallığı Müşavirlər Palatasının sədri Sidi Mohamed Ould Ər-Rəşid, Nepal Federal Parlamentinin Nümayəndələr Palatasının sədri Dev Raj Gimire, Maldiv Xalq Məclisinin sədri Abdulrahem Abdulla və digərləri konfransın mövzusunun aktuallığı, müasir beynəlxalq münasibətlərdə Bandunq prinsiplərinin dəstəklənməsinin vacibliyi ilə bağlı fikirlərini səsləndiriblər. Çıxışçılar Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması və institusional inkişafı, təşkilatın beynəlxalq rolunun artırılması istiqamətində görülən işləri yüksək qiymətləndirərək, ölkəmizə bu sahədəki geniş fəaliyyətindən ötrü minnətdarlıqlarını bildiriblər.
Sonra konfransın gündəliyində duran bir sıra təşkilati məsələlərə baxılıb. Sahibə Qafarovanın Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə sədrliyinin növbəti 3 illik dövr üçün yenilənməsi, həmçinin sədr müavinlərinin də səlahiyyət müddətinin növbəti dövr üçün artırılmasına dair qərar qəbul olunub. Bu qərar layihəsinin müzakirəsi zamanı Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentlərinin böyük əksəriyyəti sədr və müavinlərin səlahiyyət müddətlərinin yenilənməsi məsələsinə dəstək göstəriblər.
Konfransda, həmçinin Şəbəkəyə üzv parlamentlərin yekdil mövqeyini ifadə edən və bir sıra mühüm müddəaların əks olunduğu Daşkənd Bəyannaməsi qəbul olunub. Bəyannamədə digər məsələlərlə yanaşı, Parlament Şəbəkəsinin institusional çərçivəsinin daha da inkişaf etdirilməsi, o cümlədən Büro və daimi komitələrin fəaliyyətlərinin təmin olunması, Şəbəkənin mənzil qərargahının yaradılması istiqamətində müzakirələrin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Sənəddə, həmçinin Bakı İqlim Birliyi Paktına və COP29-un mühüm nəticələrinə, Qoşulmama Hərəkatına üzv dövlətlərdə öz yaşayış yerlərini zor gücü ilə dəyişməyə məcbur qalmış insanların, o cümlədən Qərbi Azərbaycan icmasının öz evlərinə sülh yolu ilə təhlükəsiz şəraitdə və ləyaqətlə geri qayıdışı hüququna dəstək ifadə edilib.