Close

Türkiyə-Azərbaycan-Gürcüstan arasında əməkdaşlıq mexanizmi yaradılacaq

Türkiyə – Azərbaycan – Gürcüstan parlamentləri arasında üçtərəfli əməkdaşlıq mexanizmi yaradılacaq.

TNS “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla gürcüstanlı həmkarı Şalva Papuaşvili arasında Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş görüşdə razılıq əldə olunub.

Bu istiqamətdə addım atılmalı olduğunu diqqətə çatdıran Kurtulmuş Türkiyənin sözügedən məsələ ilə bağlı ev sahibliyinə hazır olduğunu da bildirib.

Türkiyəli spiker həmçinin Gürcüstanın ərazi bütövlüyünə dəstəyini ifadə edib. O, Gürcüstanın ərazi bütövlüyünü təhdid edən problemlərin aradan qalxmasının regional sabitliyə töhfə verəcəyini qeyd edib.

Kurtulmuş hökumətlər arasında olan yaxşı münasibətləri parlament səviyyəsində davam etdirmək istədiklərini və bu əlaqələrin artırılmasında parlament diplomatiyasının bütün imkanlarından yararlanmaq istədiklərini ifadə edərək Gürcüstan parlamentində Türkiyə dostluq qrupunun yaradılmasını arzuladıqlarını bildirib.