Close

23:40
01 Aprel 2025

Almaniya səfiri ilə danışıq olduqca sərt aparılıb

Xəbər verdiyimiz kimi, Almaniya Federativ Respublikasının Prezidenti Frank Valter-Ştaynmayerin Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı paylaşımı ilə bağlı Almaniyanın ölkəmizdəki səfiri XİN-ə çağırılaraq, ona qarşı sərt etiraz bildirilib.

TNS APA-ya istinadən xəbər verir ki, qarşı tərəflə danışıq olduqca sərt aparılıb.

Almaniya səfiri bu paylaşımın texniki səhv olduğunu və artıq silindiyini, habelə bununla bağlı şifahi üzrxahlıq edildiyini bildirsə də, XİN-in məlumatında qeyd olunduğu kimi, Azərbaycan Almaniya tərəfindən ictimai şəkildə üzrxahlıq edilməsini tələb edib.

Maraqlıdır ki, Almaniya tərəfi hələ də məsələ ilə bağlı üzrxahlıq etməyib.

Əgər bu, həqiqətən də, texniki səhvdirsə, ictimai təxribat deyilsə, nəyə görə Almaniya üzrxahlıq etməkdən çəkinir?!

Qeyd edilən paylaşım fonunda, əgər Almaniya tərəfi məsələ ilə bağlı üzrxahlıq etməyəcəksə, o zaman Almaniya Prezidentinin ölkəmizə gözlənilən səfərinin məqsədəuyğunluğu sual doğurur.