Close

Azərbaycan və Türkiyə arasında məktub mübadiləsi həyata keçirildi - YENİLƏNİB

Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz arasında məktub mübadiləsi həyata keçirilib.

Bu barədə TNS-ə Azərbaycan Nazirlər Kabinetindən bildirilib.

Əli Əsədov Cevdet Yılmaza ünvanladığı məktubda onu doğum günü münasibətilə təbrik edib və ən xoş arzularını çatdırıb:

"Azərbaycanda Sizi etibarlı dost və ölkələrimiz arasında qardaşlıq əlaqələrinin inkişafı üçün səylərini əsirgəməyən siyasi xadim kimi tanıyırlar.
Böyük məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, möhkəm təməllər üzərində qurulan və böyük inkişaf yolu keçən Azərbaycan-Türkiyə dövlətlərarası əlaqələri xüsusilə son illərdə dövlət başçılarımızın qətiyyətli səyləri ilə strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək səviyyəsinə çatmışdır. Dostluq və qardaşlıq münasibətlərimizin daha da möhkəmləndirilməsinə, qarşılıqlı faydalı əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsinə töhfə vermək istiqamətində Sizinlə birgə səylərimizi davam etdirmək əzmində olduğumu bir daha vurğulayıram. Sizinlə görüşlərimizi və səmimi təmaslarımızı ən xoş təəssüratla xatırladığımı bildirirəm".

Azərbaycanın Baş naziri Ramazan bayramı münasibətilə də təbrikini çatdırıb, Cevdet Yılmaz və qardaş Türkiyə xalqına cansağlığı, xoşbəxtlik, daim əmin-amanlıq və rifah arzulayıb.

12:08

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Baş nazir Əli Əsədova məktub ünvanlayıb.

TNS xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Baş nazir, əziz qardaşım, doğum günüm münasibətilə göndərdiyiniz səmimi təbrik məktubunuz üçün Sizə təşəkkür etmək istəyirəm. Qarşılıqlı yüksək səviyyəli intensiv səfərlərimiz və təmaslarımız, ölkələrimiz arasında müstəsna qardaşlıq əlaqələrimizin və gündən-günə inkişaf edən əməkdaşlığımızın ruhunu əks etdirir. Prezident İlham Əliyevin bir müddət əvvəl ölkəmizə səfəri və səfər zamanı açılışını etdiyimiz İğdır-Naxçıvan Qaz Kəməri bunun ən bariz nümunələrindən birini təşkil edir. Can Azərbaycanla bütün sahələrdə əməkdaşlığımızı və həmrəyliyimizi həm ikitərəfli əsasda, həm də çoxtərəfli platformalarda və regional mexanizmlərdə nümunəvi səviyyədə davam etdirməkdən məmnunuq. Münasibətlərimizi strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə çıxaran Şuşa Bəyannaməsi bizim "Bir millət, iki dövlət" prinsipi ilə inkişaf etdirdiyimiz qardaşlığımızın yeni nişanəsinə çevrilib. Şuşa Bəyannaməsi ilə yüksək səviyyəyə çatdırdığımız sarsılmaz dostluq və qardaşlıq tellərindən aldığımız güc-qüvvə ilə işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və dirçəldilməsi işinə hər cür dəstəyi verməyə hazır olduğumuzu bir daha qeyd etmək istəyirəm.

Fürsətdən istifadə edərək, Sizi və ailənizi Mübarək Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə və qardaş Azərbaycan xalqına can sağlığı, əmin-amanlıq və firavanlıq arzulayıram".