Onların işğaldan azad edilmiş bölgələrə səfəri başa çatdı - FOTO

Türkman QHT-lərindən ibarət nümayəndə heyətinin işğaldan azad edilmiş bölgələrə səfəri başa çatıb. Martın 14-dən Türkiyə, İraq, Suriyadan olan Türkman QHT-lərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. Heyətə QHT sədrləri, ictimaiyyət nümayəndələri və media təmsilçiləri də daxildir. Səfər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə həyata keçirilir.
TNS-in Qarabağ müxbirinin xəbərinə görə, qonaqlar ilk olaraq işğaldan azad edilmiş ərazilərə səfər edib. Heyət bu gün Füzuli şəhərini ziyarət edib. İlk olaraq, dağıdılmış Füzuli şəhər mərkəzi, daha sonra Füzulidə aparılan bərpa-quruculuq işləri, Mirzə Uluqbəy adına 1 saylı tam orta məktəb və Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi ilə də tanış olublar. Qonaqlara məkanlar haqqında ətraflı məlumatlar verilib, ermənilərin burada törətdiyi vəhşiliklər və cinayətlər barədə qonaqları maraqlandıran suallar cavablandırılıb.
Xatırladaq ki, ötən gün heyət Xocalı, Xankəndi, Şuşa şəhərlərinə də səfər ediblər.