Gürcüstanın Baş naziri Milli Məclisin sədri ilə görüşüb - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova martın 11-də Tbilisidə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.
TNS xəbər verir ki, görüşdə Baş nazir İrakli Kobaxidze dost və qonşu ölkələrimiz arasında təmasların, qarşılıqlı səfərlərin mütəmadi hal almasından məmnunluğunu bildirib. Baş nazir son bir il ərzində Azərbaycana üç dəfə səfər etdiyini xatırladıb və bu səfərlərlə bağlı müsbət təəssüratlarını bölüşüb.
O, Milli Məclis sədrinin bu səfərinin də ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin daha da genişlənəcəyinə töhfə verəcəyinə inamını ifadə edib.
Görüşdə Gürcüstan-Azərbaycan əlaqələrinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi vurğulanıb, bu münasibətlərin qarşılıqlı hörmətə və etimada əsaslandığı, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, ölkələrimiz arasında yüksəksəviyyəli münasibətlər xalqlarımızın əsrlər boyu davam edən dostluq əlaqələrinə söykənir. Xalqlarımız həmişə mehriban qonşuluq, qardaşlıq şəraitində yaşayıblar və bu ənənələr bu gün də davam edir.
Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və ən xoş arzularını Gürcüstanın Baş nazirinə çatdırıb.
Gürcüstanın Baş naziri salamlara və xoş arzulara görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirərək, onun da salamlarını dövlətimizin başçısına çatdırmağı xahiş edib. O, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişafının bir çox ölkələr üçün nümunə olduğunu söyləyib.
Söhbət zamanı qeyd olunub ki, ölkələrimiz arasında nümunəvi siyasi əlaqələr bütün digər sahələrdə, o cümlədən iqtisadi sferada uğurlu münasibətlərin təmin olunmasını şərtləndirib. Azərbaycan-Gürcüstan dostluğu və strateji tərəfdaşlığı böyük enerji, nəqliyyat layihələrinin həyata keçirilməsinə də imkan yaradıb ki, bu gün bu layihələr nəinki Cənubi Qafqazda, o cümlədən daha geniş regionda mühüm amilə çevrilib. Həmçinin mədəni-humanitar sahədə də həyata keçirilən əməkdaşlığın əhəmiyyəti qeyd edilib.
Sahibə Qafarova ölkələrimizin qanunverici orqanları arasında mövcud olan geniş əməkdaşlıq münasibətləri barədə Baş nazirə məlumat verib.
Bildirilib ki, parlamentlərimiz ikitərəfli və üçtərəfli formatlarda əməkdaşlıq edirlər. O, beynəlxalq təşkilatlarda da əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Söhbət zamanı parlamentlərimiz arasında imzalanan əməkdaşlıq haqqında memorandumun önəmi bir daha vurğulanıb və sənəd yeni yol xəritəsi kimi qitmətləndirilib.
Görüşdə regionda mövcud vəziyyət barədə də fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, regionun gələcək inkişafı üçün daimi sülh və sabitliyin təmin olunması vacibdir. Tərəflər, həmçinin ikili standartların, ölkələrə qarşı təzyiq cəhdlərinin, ədalətsiz və qərəzli yanaşmaların yolverilməzliyini ifadə ediblər.