Tokayev Azərbaycanın xarici işlər nazirini qəbul etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana rəsmi səfəri çərçivəsində martın 11-də Prezident Kasım-Jomart Tokayev tərəfindən qəbul edilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən TNS-ə verilən məlumata görə, görüşdə nazir Ceyhun Bayramov ötən ilin dekabrında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar göstərilən operativ və hərtərəfli dəstəyə görə Qazaxıstanın dövlət başçısına minnətdarlığını ifadə edib.
Xalqlarımız arasında tarixi qardaşlıq, birgə adət-ənənə, mədəniyyət və dil ortaqlıqları, eləcə də dövlət başçılarımız arasında qarşılıqlı hörmət və etimada əsaslanan açıq, səmimi münasibətlər fonunda Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq əlaqələrinin nümunəvi xarakter daşıdığı bildirilib.
Ölkələrimiz arasında siyasi-iqtisadi, ticarət-investisiya, sənaye-texnologiya, nəqliyyat-kommunikasiya, mədəniyyət-humanitar, elm-təhsil və digər sahələr üzrə zəngin əməkdaşlığın yeni hərəkətverici elementlərlə daha da intensivlik qazanmasının əhəmiyyəti vurğulanıb.
Regional və beynəlxalq təşkilatlar, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı dəstək, həmrəylik və birgə təşəbbüslərə əsaslanan əməkdaşlığın təqdirəlayiq olduğu bildirilib.
Ötən ilin noyabrında Azərbaycanın uğurla ev sahibliyi etdiyi COP29-da Qazaxıstan dövlət başçısının iştirakına görə təşəkkür ifadə olunub, rəsmi Astananın ölkəmiz tərəfindən irəli sürülmüş təşəbbüslərə qoşulması yüksək qiymətləndirilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, eləcə də postmünaqişə dövründə regional vəziyyət və son inkişaflar ətrafında fikir mübadiləsi aparılıb.