Rəsmi Bakı Fransanın dənizaşırı ərazilər nazirinə cavab verdi

Fransa tərəfinin dənizaşırı ərazilərdəki uğursuz siyasətini, kolonializm keçmişini davam etdirmək səylərini ört-basdır etmək üçün ölkəmizi ittiham edərək, təkrar-təkrar səsləndirdiyi əsassız iddiaları qətiyyətlə rədd edirik.
TNS xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın dənizaşırı ərazilər naziri Manuel Valsın “BFMTV”-yə müsahibəsi zamanı Azərbaycan əleyinə səsləndirdiyi əsassız iddialara cavabında deyib.
“Fransanın kolonial siyasətini təbliğ edən və bu ölkənin “3 okean və 5 qitədə” mövcud olduğunu iddia edən Manuel Vallsın Azərbaycana qarşı növbəti dəfə səsləndirdiyi cəfəng iddialar, Fransanın həmin xalqlar arasında dayaqlarını itirməsi ilə barışmadığının növbəti təzahüründən başqa bir şey deyil.
Ölkəsini “nadir güc” kimi qələmə verən nazir Manuel Valls səsləndirdiyi ziddiyətli fikirlərin Fransanın dənizaşırı ərazilərində baş verən zorakılıq aktları, müstəqillik tələb edən xalqların hərəkatlarının boğulması faktları qarşısında nə qədər zəif arqumentlər olduğunu özü də etiraf edir.
Nazir Manuel Vallsın fikirləri, Fransanın öz “strateji maraqları” müzakirə mövzusu olduqda fikir azadlığı, müstəqillik kimi anlayışları da qurban verməyə hazır olduğunu nümayiş etdirməsi, əslində bu ölkənin ikili standartlar yanaşmasından xəbər verir.
Fransa tərəfindən bu kimi iddialar səsləndirməklə ölkəmizə qarşı apardığı əsassız qarayaxma kampaniyasını dayandırmağı tələb edirik”, - XİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, Fransanın dənizaşırı ərazilər naziri Manuel Valls “BFMTV”-yə müsahibəsi zamanı növbəti dəfə Azərbaycanı Fransaya qarşı guya hibrid müharibə aparmaqda, habelə dənizaşırı ərazilərdə müstəqillik tərəfdarlarını dəstəkləməklə Fransaya xarici müdaxilədə günahlandırıb.