Close

17:32
24 Fevral 2025
16:43
24 Fevral 2025

ABŞ Avrasiya siyasətini reallaşdırarkən heç kimə güzəştə getməyəcək

TNS iqtisad elmləri doktoru, professor Fikrət Yusifovun gündəm hadisələri ilə bağlı müəllif yazısını təqdim edir:

Bu yazımda sözüm daha çox Rusiyaya olan nifrətinə söykənib Rusiya – Ukrayna müharibəsində Ukraynanın qalib gələcəyinə, Rusiyanın isə məğlub olacağına özlərini və insanlarımızı inandırmağa çalışan siyasi şərhçilərdi.

Öncə onu deyim ki, kimin siyasi şərhçi, siyasi məsələlər üzrə ekspert və ya palitoloq olmasından asılı olmayaraq, oxucular və televiziya auditorityası qarşısında çıxış edən, hər kəs insanlarımıza doğruları söyləməyə borcludur. Başa düşməliyik ki, istəklərimizi gerçəklər kimi qələmə verməklə biz çıxış etdiyimiz auditoriya qarşısında nüfuzumuzu zədələmiş oluruq.

Bu sətirləri oxuyanlar düşünə bilərlər ki, mən Rusiyanı dəstəkləyən biriyəm. Qətiyyən! Bununla bağlı əvvəlki çıxışlarımda da münasibətimi açıqlamışam və bir daha hər kəsə açıq şəkildə bildirirəm ki, mən bu münaqişədə gerçəkləri söyləməyi özümə borc bildiyim qədər də bütün varlığımla, qəlbimlə Ukrayna xalqının yanındayam. Tarix boyu Azərbaycanımızın torpaqlarını yağmalamış, onu iki yerə bölmüş, torpaqlarımızda mənfur ermənilərə dövlət yaratmış, yüz illər boyunca xalqımızı istismar etmiş və aşağılamış Rus ayısına içimdə nifrətdən başqa heç nə yoxdur!

Lakin bu o demək deyil ki, Rusiya – Ukrayna hərbi qarşıdurmasını şərh edərkən, Rusyaya olan nifrətim səbəbindən insanlarımıza bu müharibədə “Rusiya məğlub olacaqdır” deyib, onları buna inandırmağa çalışmalıyam. Mən çox yaxşı bilirəm ki, Rusiyanın bu müharibədə qalib gəlməsi ona qonşu olan bütün ölkələr, o cümlədən Cənubi Qafqaz ölkələri və ilk növbədə Azərbaycan üçün nə demək olar! Bu gün Cənubi Qafqazda yeganə normal müttəfiqi Azərbaycan olmağına baxmayaraq, son təyyarə hadisəsində Rusiya hakimiyyəti bizi nə qədər aşağılamağa çalışdı? Və bu missiya hələ də davam etməkdədir. Belə müttəfiqlik olurmu? Bunların sözü də dostluğu da çeçen xalqının böyük oğlu Cövhər Dudayevin dediyi kimi – suyun üzərində yazılan yazı kimidir!

17308836351132542740_1200x630jpg_1730884521

İndi demək olar ki, böyük əksəriyyət D.Trampın hakimiyyətə gəlməsi ilə ABŞ-n Rusiya - Ukrayna müharibəsində mövqeyinin Rusiyanın xeyrinə dəyişdiyini düşünür. Doğrudan da ilk baxışda belə görünə bilər. Lakin bu qətiyyən belə deyil! D.Trampın hakimiyyət kürsüsünə oturmasından sonra ABŞ-n Ukraynaya münasibətində heç nə dəyişməyib. Yəni C.Bayden və D.Tramp tərəfindən Ukraynaya qarşı sərgilənən münasibət formaca fərqli olsa da mahiyyət etibarılə eynidir. Sadəcə Tramp Baydendən fərqli olaraq öz siyasi çılğınlığı ilə Birləşmiş Ştatların Ukraynadan nə istədiyini açııq şəkildə ortaya bildi. Kimsə bu fikirlərə görə məni qınaya bilər. Amma ortada olan gerçəklər dediklərimizin sübutu oacaqdır.
Baxın, əgər C.Bayden hökuməti Rusiyanın bu müharibədə məğlub olmasını istəyirdisə, o halda nədən müharibə dönəmində Birləşmiş Ştatlar Ukraynaya hərbi yardımları damla - damla verməklə yanaşı, bəzən də yardımların verilməsini 6 aya qədər gecikdirirdi? Bu səbəbdən keçən ildə Rusiya ordusu Ukrayna ərazilərini daha sürətlə işğal altına sala bildi. Axı hər il təkcə neftin ixracından 300 milyard dollara qədər gəlir əldə edən Rusiyanı məğlub etmək üçün Ukraynaya daha böyük yardımların edilməsi gərək idi. Gəlin bir anlıq bu müharibədə ABŞ-n Ukraynaya birbaşa yardımlarının gecikdirilməsi və yardımların həcminin yetərli olmaması kimi məsələləri bir kənara qoyub, bir sualın cavabını tapmağa çalışaq. Əgər Birləşmiş Ştatlar bu müharibədə Rusiyanın məğlub olmasını istəyirdisə, onda nədən müharibənin getdiyi üç ilə yaxın vaxt ərzində onu əsas gəlir mənbəyindən məhrum etmək istəmədi? - yəni bunun üçün Rusiya neftinin və qazının ixracına sanksiyalar tətbiq etmədi?

C.Bayden hökuməti hakimiyyətdən getməsinə barmaqla saylan günlər qaldıqda Rusiyadan neftinin ixracına sanksiya tətbiq etdi. Rusiya Qazının Avropaya ixracı da bu ilin yanvar ayından dayandırıldı. Və bununlıa da Rusiyaya müharibənin getdiyi üç il ərzində neft-qaz satışından əldə edilən yüz milyardlarla dollar vəsaitin ən azından yarısını hərbi xərclərin maliyyələşdirilməsinə yönləndirmək şansları qazandırıldı. Bununla da Rusiya bu müharibədə dominantlıq edəcək bir mövqeyə sahibləndi! İndi deyin C.Bayden və D.Trampın Rusiya-Ukrayna müharibəsinə münasibətlərində nə qədər böyük fərq görünür? Bütün bu siyasi oyunların səbəblərini dərindən bilmək üçün ABŞ-n Avroasiya siyasətinin köklərini öyrənmək gərəkdir.

2023_02_24_987558_alt_manset

Rusiya – Ukrayna müharibəsinin getdiyi bu üç il ərzində mətbuat səhifələrində dərc olunmuş yazılarımda və telekanallar vasitəsilə bu mövzudakı çıxışlarımda dəfələrlə demişəm, Ukrayna - Rusiyaya qarşıdurmasını yaradan və onu körükləyən Qərb və ilk növbədə ABŞ oldu. Sadəcə Ukraynaya müstəqillik illərində rəhbərlik etmiş şəxslərin demək olar ki, heç biri bu reallıqları anlamaq istəmədi, Qərbə inandılar, inandılar ki, Rusiya ilə baş verəcək hərbi münaqişədə Qərb və ilk növbədə Amerika Birləşmiş Ştatları onların yanında dayanacaqdır.

Siyasətdə deletantlıq budur! Böyük siyasi oyunların necə getdiyini görə bilməyənlər, ABŞ kimi dünya nəhənginin Avroasiya siyasətindən xəbərsiz olanlar bu müharibədə Ukraynanın qalib gələcəyinə inandılar. Bu gün Birləşmiş Ştatlar özünün dünya hegomonluğu mövqeyini qoruyub saxlamaq və onu möhkəmləndirmək üçün bütün varlığı ilə Avroasiya məkanında yetərincə əsaslanmağa çalışır. Bu yolda o, istənilən dövləti əzib keçməkdən belə çəkinməyəcəkdir. Amerikanın xarici siyasətinin memarlarından biri olan Zbiqnev Bjezinski özünün “Böyük şahmat lövhəsi” kitabında yazır: “Avroasiya yer kürəsinin ən böyük kontinentidir və o xüsusi geosiyasi mövqeyə sahibdir. Avroasiya məkanında hegomonluğa sahib olan dövlət dünyanın kifayət qədər inkişaf etmiş üç ən böyük iqtisadi məhsuldar regionundan ikisinə nəzarəti əlində saxlamış olacaqdır. Avroasiyanın üzərində nəzarət avtomatik olaraq Afrikanın tabe etdirilməsini, Qərb yarımkürəsini və Okeaniyanın dünyanın mərkəzi qitəsinin geosiyasi periferiyasına çevrilməsini təmin edəcəkdir. Dünya əhalisinin 75%-ə qədəri Avroasiyada yaşayır, dünyanın fiziki zənginliyinin böyük bir hissəsi orada yerləşən müəssisələrdə və yerin tərkindədir. Dünyanın ümumi milli məhsulunun 60%-ə yaxını və enerji ehtiyatlarının 3/4-ü Avroasiya məkanının payına düşür”.

443413347_0_0_3071_1728_1280x0_80_0_0_5193bcf21610522addd80d8fb42fbc90

Bütün bu söylədiklərimiz ortadadırsa, ABŞ nədən özünün dünya hegomonluğunu qoruyub saxlamaq və onu möhkəmləndirmək qədər maraqlarının uğrunda mübarizədə bir başqa mövqe tutmalıdır? Bütün dünyada olduğu kimi bu regionda da hegemonluq iqtisadi və biznes maraqlarının təmin edilməsindən keçir. Bu məkanda da hegemon olmaq resurslara və kommunikasiyalara nəzarəti ələ almaqdan keçəcəkdir. ABŞ bu səbəbdən Ukraynanın təhlükəsizliyinə təminat müqabilində onun təbi sərvətlərinə əl qoymaq niyyətindədir. ABŞ-n Rusiyadan istəyəcəkləri heç də bundan az olmayacaq! Yaxın zamanda biz Birləşmiş Ştatların Rusiyadan nələr istəyəcəyinə də şahidlik edəcəyik. ABŞ bu gün bu yolda kiminlə dost olmaq lazımdırsa onunla dost olacaq, kimi yem etmək lazımdırsa onu yem edəcəkdir, kimi isə əzib keçmək lazımdırsa onu da əzib keçəcəkdir.

ABŞ Rusiyanı Çinin əlinə buraxmaq qədər yanlışa yol veməz...

Birləşmiş Ştatların Avroasiya siyasətində Azərbaycan xüsusi yer tutduğundan, indi dünyada iqtisadi və biznes maraqlarının yenidən bölgüsü uğrunda gedən böyük geosiyasi oyunların bizə mənfi təsirlərinin olacağı az ehtimal edilir. Bu prosseslərdə mümkün təhlikələrin aradan qaldırmağımızın ən doğru yolu isə Türkiyəmizlə daha yaxından bir arada olmaqdan keçir. Əgər lazım gələrsə Konstitusiyamızda gözlənilən dəyişikliklər zaman Azərbaycan ərazisində müstəsna olaraq Türkiyənin hərbi bazalarının yaradılmasına da imkan yaratmaqdan çəkinməməliyik...

Fikrət Yusifov,
iqtisad elmləri doktoru,
professor

(musavat.com)