Əməkdaşlıq Memorandumunun 5 ili - “Bir millət-bir media” formulu daha böyük coğrafiyalarda

Bakıda “Media Məkanında Strateji Əməkdaşlıq Memorandumu”nun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər” mövzusunda dəyirmi masa keçirilib.
TNS xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzi (STM), Türkiyə İletişim Başkanlğının Bakıdakı Mətbuat Müşavirliyinin və Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə iki ölkənin media sahəsində əməkdaşlığına həsr olunmuş videoçarx nümayiş olunub.
STM İdarə Heyətinin sədri, deputat Zahid Oruc bildirib ki, qlobal dəyişikliklər və yeni dünya təhlükəsizliyi arxitekturasının axtarıldığı vaxtda Azərbaycan və Türkiyə mediasının bir araya gəlməsi mühüm hadisədir: “Azərbaycan-Türkiyə sarsılmaz birliyi mürəkkəb formasiya və quruluşlardan keçərək son 5 ildə yeni zirvələrə yüksəlib. 150 yaşlı milli mətbuatımızın yaranması, təşəkkülü və dünya arenasına çıxması da qardaş ölkə ilə harmoniyada baş verib. Türkiyə və Azərbaycanın tanınmış mütəfəkkirləri hər zaman bir-birindən bəhrələniblər, qarşılıqlı güc alıblar. İctimai fikirdə ümumtürk idealları intibah və quruculuğa xidmət edib. Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Ziya Göyalp kimi ziyalılar türk dünyasının ortaq fikir babalarıdır, çünki qaynaqları və kökləri birdir".
Z.Oruc vurğulayıb ki, iki dövlətin “bir millət-bir media” idealı ilə çalışdığı qızıl dövr Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə aparılan 44 günlük savaşdır.
O bildirib ki, Azərbaycanın Qarabağda Qələbəsi qlobal geosiyasi nəticələrinə görə Türk dövlətlərinin beynəlxalq siyasi çəkisini artırdı, təkcə Qafqazlarda deyil, eləcə də Yaxın Şərqdə Türkiyənin mövqelərini möhkəmləndirdi: "Göründüyü kimi, “bir millət-bir media” formulu daha böyük coğrafiyalarda hələ çox mühüm missiyalarda olacaq".
"Hazırda süni intellekt vasitəsilə çoxlu dezinformasiya yayılır. Bununla mübarizə aparmaq üçün mediamız çox sürətli olmalıdır. Bu sahədə Media İnkişafı Agentliyinin fəaliyyəti danılmazdır. Onlar bu məsələlərə operativ şəkildə reaksiya verirlər".
MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov çıxışında iki ölkənin media sahəsində memorandumun imzalanmasından indiyədək ötən 5 ildə görülən işlərdən danışıb.
Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün isə bildirib ki, Kahramanmaraşda salınan "Azərbaycan məhəlləsi" Azərbaycan-Türkiyə dostluğunun əbədi nişanəsidir: “Azərbaycan hər zaman Türkiyəyə dəstək olduğu kimi, Türkiyə də daim Azərbaycanın yanında olacaq. Biz qardaşıq və hər zaman bir-birimizin yanındayıq. Qarabağda gedən bərpa-quruculuq işlərini də dəstəkləyirik. Əlimizdən gələni etməyə hazırıq".
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasında olan sıx əməkdaşlıqda hər iki ölkənin dövlət başçılarının güclü liderliyi və bənzəri olmayan qardaşlığı mühüm rol oynayır. Hər iki ölkənin sevincinin və kədərinin bir olduğunu vurğulayan səfir əlavə edib: “Gələcək illərdə ölkələrimizin media subyektləri və nümayəndələri arasında qardaşlıq əlaqələrinin daha da genişlənəcəyinə inanıram”.
Real TV-nin baş direktoru Mirşahin Ağayev artıq yeni dünya düzəninin formalaşdığını diqqətə çatıdırb: “Hesab edirəm ki, kütləvi informasiya vasitələri anlayışının kütləvi informasiya mübarizəsi ilə əvəzlənməsinə ehtiyac var. Bu, ən az 5 il belə olmalıdır. Xüsusilə, Qərbin nəhəng media orqanları öz platformalarını əsl döyüş, müharibə meydanına çevirib”.
Çıxışına “Hazırda informasiya dövrüdür və Azərbaycan mediası bu dövrdə ən ön sıralarda olmalıdır”, - sözləri ilə başlayan Mətbuat Şurasının sədri Rəşad Məcid müasir dövrdə süni intellektin dezinformasiya yaymasının təhlükəsindən danışıb: "Hazırda süni intellekt vasitəsilə çoxlu dezinformasiya yayılır. Bununla mübarizə aparmaq üçün mediamız çox sürətli olmalıdır. Bu sahədə Media İnkişafı Agentliyinin fəaliyyəti danılmazdır. Onlar bu məsələlərə operativ şəkildə reaksiya verirlər".