Close

21:20
20 Fevral 2025

Vurulan təyyarəmiz barədə yekun hesabat nə vaxt açıqlanacaq?

AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasının araşdırılmasına dair yekun hesabat 2025-ci ilin sonuna qədər təqdim ediləcək.

TNS xəbər verir ki, bunu Astanada keçirilən mətbuat konfransında respublikanın nəqliyyat nazirinin müavini Talqat Lastayev deyib.

O bildirib ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tələblərinə, standartlarına və tövsiyə olunan təcrübəsinə əsasən, araşdırma bir il çəkir.

Qeyd edək ki, 25 dekabr 2024-cü ildə AZAL-a məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.

Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən təyyarənin qəzaya uğraması barədə hesabat yayımlanıb. Hesabatda təyyarənin qəzadan əvvəl kənar müdaxiləyə məruz qaldığı təsdiqlənib. Azərbaycan hökumətindəki rəsmi mənbə "Reuters" agentliyinə bir sıra yeni faktlar açıqlayıb.

Açıqlamada bildirilib ki, Azərbaycan təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub. “Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş “Pantsir-S” raketinin qəlpəsi var”, - mənbə bildirib.

Ancaq Rusiya faktı etiraf etmək və üzr istəmək niyyətində deyil.  Moskva öz günahını açıq şəkildə etiraf edib məsuliyyəti üzərinə götürməlidir. Mətbuatda bildirilir ki, hazırda sübut bazası formalaşır, faktlar, dəlillər toplanır və beynəlxalq məhkəməyə müraciət etmək istiqamətində hazırlıq işlər aparılır.