Ermənistandan qovulmuş azərbaycanlılarla bağlı Ombudsmandan açıqlama

Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının bərpasının beynəlxalq gündəmdə yer alması üçün davamlı səylər göstərilir.
TNS xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Milli mənsubiyyət hüququnun konstitusion əsasları və tarixi aspektləri” mövzusunda beynəlxalq konfransda deyib.
"Müasir dünyada geniş yayılmış qloballaşma kontekstində milli mənsubiyyətin, o cümlədən, milli adət-ənənələrin qorunub saxlanması xüsusi əhəmiyyət kəsb edir. Belə ki, qloballaşma prosesi ümumbəşəri dəyərlərə əsaslanmalı, insanların hüquq və azadlıqlarının daha yüksək həssaslıqla müdafiəsinə töhfə verməli, lakin heç bir halda milli kimliyin dəyişdirilməsinə, assimilyasiyaya əsas yaratmamalıdır. Hesab edirəm ki, ölkəmiz həm milli kimliyin qorunması, həm də qlobal inteqrasiya sahəsində balanslı model yaradılması istiqamətində vacib səylər göstərir.
Həmçinin, vurğulanmalıdır ki, ölkəmizdə 20-dən çox millətin və etnik qrupun nümayəndələri yaşayır və Azərbaycan uzun əsrlərdir davam edən tolerantlıq ənənələri, öz multikultural mühiti ilə dünya üçün bir nümunədir", - o bildirib.
Onun sözlərinə görə, təəssüf ki, beynəlxalq sənədlərdə, milli qanunvericilikdə milli mənsubiyyətə görə ayrı-seçkilik qadağan olunsa da, dünyada insanların milli və etnik mənsubiyyətinə görə təqib olunması, ayrı-seçkiliyə, soyqırımı kimi dəhşətli cinayətlərə məruz qalması hallarına rast gəlinir.
"Azərbaycan bu siyasətin nəticələrindən ən çox zərər çəkmiş ölkələrdən biridir. XX əsrin əvvəllərində soyqırımına məruz qalmış xalqımız, həmin əsrin sonlarından etibarən yenidən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü ilə özünü göstərən nifrət siyasətinin qurbanına çevrilib.
Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlının etnik təmizləməyə məruz qalması, onların izlərinin əsrlərlə yaşadıqları ərazilərdən silinməsi məqsədilə tarixi-mədəni abidələrinin dağıdılması, özgəninkiləşdirilməsi məhz milli mənsubiyyətinin inkar olunmasının, Azərbaycanofobiya və etnik nifrət siyasətinin göstəricisi idi. XX əsrdə dəfələrlə deportasiyaya məruz qalmış, eləcə də 1987-ci ildən başlayaraq Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının bərpası və bu məsələnin beynəlxalq gündəmdə yer alması üçün hazırda Azərbaycan dövləti davamlı səylər göstərir.
Məlum olduğu kimi, bu il Ermənistanın uzun illər azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, nifrət və soyqırımı siyasəti nəticəsində törədilmiş, bəşər tarixinə ən qanlı səhifələrdən biri kimi həkk olunmuş Xocalı soyqırımından 33 il ötür.
Bu qanlı hadisə insanların milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirildiyi ən ağır faciələrdən biridir. Hər il tərəfimizdən bu mövzuda bəyanat hazırlanaraq aidiyyəti beynəlxalq təşkilatlara göndərilir, bu soyqırımına hüquqi qiymət verilməsinə, təqsirkarların məsuliyyətə cəlb edilməsinə dair çağırış edilir", - o əlavə edib.