Azərbaycan-Rusiya münasibətlərində asimmetriya: Paritet lazımdır! - VİDEO
![](/upload/files/up3/Xeberler/2025/2/11/Ekran_skli_2025-02-11_175754.png)
"Rusiya siyasi və media məkanlarında anti-Azərbaycan isteriyası fonunda nələrin baş verdiyini anlamaq çox vacibdir. AZAL təyyarəsinin qəzasına görə məsuliyyətin götürülməsi ilə bağlı Bakının ədalətli tələbi barədə kifayət qədər yazmışıq. İndi Bakıdakı "Rus evi"nin bağlanması, daha dəqiq desək, bu hadisənin Rusiyanın müəyyən dairələrində doğurduğu reaksiya ilə bağlı bir məqamı araşdırmaq istəyirik".
TNS xəbər verir ki, bu barədə "Caliber" "YouTube" kanalında yayımlanan növbəti videosüjetdə qeyd olunub.
Bildirilib ki, bu dairələrdə (söhbət təkcə KİV-dən deyil, Dövlət Duması deputatları da daxil olmaqla siyasi xadimlərdən gedir) Bakıdakı "Rus evi"nin bağlanması Rusiyaya qarşı düşmən aktı kimi qəbul edilib.
"Biz indi Bakıdakı "Rus evi"nin bağlanması qərarının səbəbini araşdırmayacağıq - bununla bağlı aidiyyəti qurumlar məşğul olub, yalnız bunu nəzərə ala bilərik. Vacib olan başqa məsələdir - Bakıda "Rossotrudniçestvo"nun fəaliyyətinin dayandırılması ölkələrin qarşılıqlı mədəni və diplomatik mövcudluğunun balansını nə dərəcədə pozub. Axı məlumdur ki, iki suveren dövlət arasında münasibətlər hörmətə əsaslanmalıdır ki, bu da təmsilçilikdə pariteti ehtiva edir.
Lakin maraqlıdır ki, yaxından baxdıqda məhz Azərbaycan Rusiya ilə münasibətlərdə, belə demək mümkünsə, diplomatik defisitdə qalır. Gəlin Azərbaycan-Rusiya münasibətlərindəki disbalansın iki məqamı üzərində dayanaq. 2017-ci ildə Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyinin iddiası əsasında Ümumrusiya Azərbaycan Konqresini (ÜAK) ləğv etdi - formal olaraq nizamnamə fəaliyyətinin Rusiya qanunvericiliyinə uyğun olmaması bəhanəsi ilə. O zaman Rusiya Ədliyyə Nazirliyi bildirmişdi ki, təşkilata qarşı nəzarət-yoxlama tədbirləri zamanı onun nizamnaməsinin müddəalarının mövcud qanunvericiliyin tələblərinə uyğun olmadığı müəyyən edilib. "Xüsusilə, təşkilatın adında onun fəaliyyətinin xarakteri göstərilməyib..." - bu da Rusiya Ədliyyə Nazirliyinin sözləridir.
Maraqlı arqumentdir. Məgər "Rus evi" adı onun fəaliyyətinin xarakterini göstərirmi? Əgər bu qurumun fəaliyyəti haqqında məlumat olmasa, restoran və ya mebel mağazası olduğunu düşünmək olar. Bununla belə, təşkilat uzun illər ərzində Azərbaycanda maneəsiz fəaliyyət göstərib. Üstəlik, sonradan məlum olduğu kimi, "Rossotrudniçestvo"nun fəaliyyəti heç də həmişə bəyan edilmiş məqsədlərə uyğun gəlmirdi", - deyə müəllif bildirib.
Ətraflı süjetdə: