Close

21:30
07 Fevral 2025

Karib Ölkələri Birliyi ilə əməkdaşlıq müzakirə edildi

Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayev fevralın 7-də Karib Ölkələri Birliyi (CARICOM) yanında səlahiyyətli nümayəndə təyin edilməsi ilə bağlı məktubunu bu təşkilatın baş katibi Karla Barnetə təqdim edib.

Səfrilikdən TNS-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan və CARICOM arasında əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

CARICOM-un Baş katibinin, eləcə də üzv ölkələrdən yüksək səviyyəli nümayəndə heyətlərinin COP29-da fəal iştirakı, COP29 çərçivəsində həyata keçirilmiş ikitərəfli görüşlər, o cümlədən CARICOM-un öz stendi ilə COP29 pavilyonunda təmsil olunması məmnunluqla qeyd edilib.

Görüşdə CARICOM-un üzv ölkələri də daxil olmaqla Azərbaycan tərəfindən kiçik ada dövlətlərinə göstərilən humanitar yardımlara toxunulub. Azərbaycan və CARICOM-a üzv dövlətlər arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın təşviq edilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan tərəfinin CARICOM-la əməkdaşlığa göstərdiyi marağın yüksək qiymətləndirildiyini və istər CARICOM təşkilatı ilə birbaşa, istərsə də üzv dövlətləri ilə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə dəstək göstərməyə hazır olduqları bildirilib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.