Close

17:15
07 Fevral 2025

Samir Nuriyev yeni vəzifəyə təyin olunmuş maliyyə nazirini kollektivə təqdim edib

Fevralın 7-də Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev yeni vəzifəyə təyin olunmuş maliyyə naziri Sahil Babayevi kollektivə təqdim edib.

TNS AZƏRTAC-a istinadla xəbər verir ki, təqdimat mərasimində çıxış edən Samir Nuriyev müstəqil Azərbaycan Respublikasında müasir maliyyə sisteminin formalaşması və inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. 1990-cı illərin əvvəllərində Ulu Öndər yenidən hakimiyyətə qayıtdıqdan sonra bütün digər sahələrdə olduğu kimi, iqtisadiyyat və maliyyə sahəsində də sabitlik təmin edilib, həyata keçirilmiş ardıcıl və məqsədyönlü islahatlar nəticəsində dayanıqlı maliyyə sistemi yaradılıb.

Prezident Administrasiyasının rəhbəri deyib ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan böyük inkişaf yolu keçib, aparılan iqtisadi islahatlar, şəffaflığın təmin edilməsi, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində sürətli iqtisadi artıma və dövlət maliyyəsinin səmərəli idarə edilməsinə nail olunub.

Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan kimi Maliyyə Nazirliyinin fəaliyyətinin daim Azərbaycan Prezidenti İlham Əliyevin nəzarətində olduğunu bildirən Samir Nuriyev qurumun qarşısında duran vəzifələrlə bağlı dövlət başçısının tapşırıqlarını diqqətə çatdırıb, həmin vəzifələrin icrası üçün bütün imkanların səfərbər olunacağına ümid etdiyini bildirib, bu işdə yeni təyin olunmuş maliyyə nazirinə və bütün kollektivə uğurlar arzulayıb.