Əlilliyi olan şəxslərin əl işlərinin internetlə satışına görə sosial vergi ödəməməsi ilk oxunuşda təsdiqlənib
Azərbaycanda əlilliyi olan şəxslərə ediləcək yeni güzəştlər ilk oxunuşda təsdiqlənib.
TNS xəbər verir ki, bununla bağlı Milli Məclisin yaz sessiyasının bu gün keçirilən ilk iclasında “Sosial sığorta haqqında” qanuna və Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi və onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsi üçün əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə mənbəyində 2 faiz vergi tutulacaq. Həmçinin, əonların əl işlərinin satışını həyata keçirilməsi üçün xüsusi elektron portal yaradılacaq, əlilliyi olan şəxslər orada qeydiyyatdan keçəcəklər.
Əl işlərinin satışından əldə olunan gəlirdən vergilər çıxıldıqdan sonra əlilliyi olan şəxs üçün açılmış bank hesabına köçürüləcək. Bununla bərabər, portalda qeydiyyatdan keçmiş əlilliyi olan şəxslər vergi orqanlarında qeydiyyatdan keçmək, vergi hesablamaq, vergi hesabatları tərtib etmək və vergi orqanına təqdim etmək kimi işlərdən azad olacaq, bu işlər portal vasitəsilə elektron qaydada onların əvəzinə həyata keçiriləcək.
Layihəyə əsasən, əl işlərinin satışından əldə olunan gəlirlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid ediləcək.
Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.