İstanbulun Baş prokuroru Azərbaycanda səfərdə olub - FOTOLAR
Baş prokuror Kamran Əliyevin dəvəti ilə Türkiyənin İstanbul şəhərinin Baş prokuroru Akın Gürlekin rəhbərlik etdiyi nümayəndə heyəti 30-31 yanvar tarixlərində Bakıda işgüzar səfərdə olub.
TNS xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, Azərbaycanın Baş Prokurorluğunda ikitərəfli görüş keçirilib. Görüş zamanı Kamran Əliyev dövlətlərimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının dövlət başçıları cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın birgə ciddi səyləri və sarsılmaz siyasi iradələri sayəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edərək, ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə, xüsusilə də prokurorluqlar arasında uğurla inkişaf etdiyini bildirməklə, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım və ekstradisiya sahəsində səmərəli əməkdaşlıqdan bəhs edib.
Baş prokuror Müzəffər Ali Baş Komandanın və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Qarabağ və Şərqi Zəngəzurda sürətli bərpa və quruculuq işlərinin aparıldığını, türk şirkətlərin bu işdə yaxından iştirak etdiyini vurğulayıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən Akın Gürlek tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini bildirərək bu əlaqələrin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət”, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, Azərbaycanın kədəri bizim kədərimizdir” kəlamları ilə dəqiq ifadə edildiyini vurğulayıb.
Görüşdə ikitərəfli və çoxtərəfli formatda birgə fəaliyyətin perspektivləri, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində hüquqi əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.
Baş Prokurorluğun Tarix muzeyində Azərbaycan Prokurorluğunun zəngin tarixi, ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunan guşə və eksponatlar, həmçinin qardaş ölkələrimiz arasındakı münasibətləri əks etdirən ekspozisiyalar qonaqlarda zəngin təəssürat oyadıb.
Nümayəndə heyəti Baş Prokurorluğun yeni inzibati binası və Zəfər muzeyi ilə tanış olaraq, prokurorluğun struktur qurumlarının rəhbərləri ilə görüş keçirib. Həmçinin qonaqlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və Bakı şəhər prokurorluğunun fəaliyyəti ilə tanış olublar.
Səfər çərçivəsində türkiyəli prokurorlar Heydər Əliyev Mərkəzində görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən stendlərlə, eləcə də İçərişəhərdə yerləşən UNESCO-nun Ümumdünya irs siyahısına daxil edilmiş tarixi-memarlıq abidələri ilə tanış olublar.
Nümayəndə heyətinin ölkəmizə səfəri başa çatıb.