Close

23:57
30 Yanvar 2025
22:20
30 Yanvar 2025

XİN Fransa nazirinin iddialarına cavab verdi

"Biz təəssüf edirik ki, yanvarın 29-da Senatda müzakirələr zamanı Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baro növbəti dəfə Azərbaycanın Fransanın dənizaşırı ərazilərinə qondarma müdaxiləsi ilə bağlı iddialar yaymağa cəhd edib".

TNS xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baro tərəfindən Azərbaycanın Fransanın dənizaşırı ərazilərində müdaxilə ilə bağlı Fransa Senatında səsləndirdiyi iddialara dair şərhində deyilir.

Fransanın xarici işlər naziri Jan Noel Baronun Azərbaycanı dənizaşırı ərazilərə müdaxilədə ittiham edən şərhi Fransanın Yeni Kaledoniya yerli əhalisinin tələblərinə qarşı hərəkətsizliyini ört-basdır etmək cəhdi olduğu bir daha diqqətə çatdırılıb:

"Məhz Fransa hər zaman regional məsələlərə qarışaraq, Azərbaycanın sülh və sabitliyi bərpa etmək istiqamətində apardığı prosesi pozmağa çalışıb.

Bakı Təşəbbüs Qrupu bir QHT kimi Fransanın müstəmləkə siyasətini və dənizaşırı ərazilərdəki problemlərini ictimaiyyətə çatdırmağı hədəfləyir. Bu cür qrupların işini gözdən salmaq cəhdləri dekolonizasiya prosesini sarsıdır.

Yalnız keçən il güc tətbiqi nəticəsində azı 14 nəfərin həlak olduğu və bir çox insanın yaralandığı Yeni Kaledoniyanın yerli əhalisinə qarşı repressiya siyasətinə son qoymaq əvəzinə, Azərbaycana qarşı şantaj Fransanın xarici siyasət strategiyasının nə qədər faydasız olduğunu nümayiş etdirir.

Bundan əlavə, Fransanın müxtəlif beynəlxalq təşkilatlardakı rol və resurslarından neomüstəmləkə siyasətinə qarşı təbliğat aparmağı hədəfləyən beynəlxalq QHT müdafiəçilərinə təzyiq göstərmək üçün sui-istifadə etməsi mənasızdır və heç bir nəticə verməyəcək.

Fransa xarici işlər nazirinin anti-Azərbaycan iddialarını qətiyyətlə rədd edir və pisləyirik".