Prezident İlham ƏIiyev Donald Trampa başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa Vaşinqton şəhəri yaxınlığında sərnişin təyyarəsinin hərbi helikopter ilə toqquşması nəticəsində çoxsaylı insan tələfdatı ilə bağlı başsağlığı verib.
TNS xəbər verir ki, başsağlığında deyilir:
"Vaşinqton şəhəri yaxınlığında sərnişin təyyarəsinin hərbi helikopter ilə toqquşması nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".
Xatırladaq ki, bu gün səhər saatlarında Vaşinqtonda Reyqan adına aeroportda təyyarə qəzası baş verib. Yerə enməyə çalışan sərnişin təyyarəsi hərbi helikopterlə toqquşub. Təyyarənin göyərtəsində 64 nəfər olub, onlardan dördü ekipaj üzvüdür. Helikopterdə isə 3 hərbçinin olduğu məlumdur. Qəzadan sonra Potomak çayında axtarış-xilasetmə əməliyyatı başladılıb. “BNO News” portalının məlumatına görə, çaydan 19 nəfərin cəsədi aşkar olunaraq çıxarılıb.