Azərbaycan və Qətər XİN arasında siyasi məsləhətləşmələr keçirilib
Yanvarın 26-da Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Qətər Dövlətində səfərdə olub.
TNS xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Azərbaycanın XİN ilə Qətərin XİN arasında siyasi məsləhətləşmələrin 5-ci iclası keçirilib.
Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Qətər tərəfindən isə xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al Mureyxi rəhbərlik edib.
Məsləhətləşmələr zamanı ikitərəfli siyasi və iqtisadi məsələlər, BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Həmçinin ümumi maraq doğuran bir sıra regional və qlobal məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Ticarət, sərmayə, kənd təsərrüfatı, turizm, təhsil və digər sahələrdə əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Nazir müavini Yalçın Rəfiyev səfər çərçivəsində, həmçinin Qətər Dövlətinin Xarici Ticarət Məsələləri üzrə dövlət naziri Ahmed bin Mohammed Al Sayed ilə görüşüb. Görüşdə Azərbaycan və Qətər arasında Hökumətlərarası Birgə Komissiyanın növbəti iclasının ən qısa müddətdə keçirilməsi, eləcə də qarşılıqlı ticarət missiyalarının və biznes forumlarının təşkil edilməsinin zəruriliyi qeyd olunub.
Yalçın Rəfiyev Dohaya səfəri zamanı Münaqişə və Humanitar Tədqiqatlar Mərkəzində (Center for Conflict and Humanitarian Studies - CHS) də olub, Mərkəzin direktoru Ghassan Elkahlout və ekspertləri ilə görüşüb. Görüşdə Azərbaycanın xarici siyasəti, Cənubi Qafqaz və Yaxın Şərq regionlarında cərəyan edən hadisələr ilə bağlı fikir mübadiləsi aparılıb.
Bundan əlavə, Yalçın Rəfiyev Qətərin Corctaun Universitetinin nəzdində fəaliyyət göstərən Beynəlxalq və Regional Araşdırmalar Mərkəzinin (Center for International and Regional Studies (CIRC)) rəhbərliyi, müəllim və tələbə heyəti ilə görüşüb. Nazir müavini Azərbaycanın xarici siyasət prioritetləri, regional və qlobal məsələlərə dair Azərbaycanın baxışları, eləcə də Ermənistan-Azərbaycan postmünaqişə dövrü, normallaşma prosesi və işğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa və yenidənqurma işləri barədə dinləyiciləri məlumatlandırıb və iştirakçıların suallarını cavablandırıb.