Tural Gəncəliyev Fransanın keçmiş Baş nazirinə cavab verdi
Fransa hökümətinin son dövrlərdə Azərbaycana qarşı irəli sürdüyü ittihamlar, xüsusilə keçmiş baş nazir Qabriel Attalın Bakı Təşəbbüs Qrupunun Yeni Kaledoniyadakı tədbirinə dair bəyanatları, Fransanın Cənubi Qafqazda bitərəfli və qərəzli yanaşmasını bir daha üzə çıxarır. Onun Azərbaycana qarşı səsləndirdiyi fikirlər tamailə əsassız qarayaxma kampaniyasıdır.
Bunu TNS-ə açıqlamasında millət vəkili Tural Gəncəliyev deyib. Millət vəkili bildirib ki, Fransanın keçmiş baş naziri Qabriel Attalın ölkəmizə qarşı səsləndirdiyi əsassız fikirlər əslində ölkəmizin qlobal səviyyədə ədalətə çağırışlarının qarşısını almağa yönəlmiş bir cəhddir: "Fransa, özünün müstəmləkəçi keçmişindən dərs çıxarmaq əvəzinə, dünyanın müxtəlif bölgələrində ölkələrin daxili işlərinə müdaxilə siyasətini davam etdirir. Yeni Kaledoniyada insanlara qarşı zorakılıqlar, insanların azadlıq çağırışlarının susdurulması bunun bariz nümunələridir. Attalın bu ittihamları Fransanın müstəmləkə siyasətindən qalan ziddiyətləri gizlətmək üçün siyasi manevrdir.
Fransanın Bakı Təşəbbüs Qrupupunu daxili işlərə müdaxilə etməkdə ittiham etməsi absurddur. Bu qrup, beynəlxalq hüququn təməl prinsipləri olan söz azadlığı və ədalətin qorunması məqsədini güdən bir QHT- dir. Fransanın Bakı Təşəbbüs Qrupunu İttiham etməsi onun həqiqi məqsədlərinin və qərəzli siyasətinin sübutudur. Bakı Təşəbbüs Qrupu yalnız haqq səsinin dünyaya çatdırılmasını təmin edir və heç bir dövlətin siyasətinə müdaxilə niyyətində deyil. Bakı Təşəbbüs Qrupunun fəaliyyəti yalnız Fransanı hədəf almaqdan ibarət deyil, ümümiyyətlə dünyada müstəmləkiçilik siyasətini davam etdirən bütün ölkələrin iç üzünü ifşa etməkdən ibarətdir.
Fransa “demokratik prinsiplər” adı altında işğalda saxladığı ərazilərdə heç bir dəyərlərə hörmət etməməsi və insanları qətlə yetirməsi, həbs etməsi insanların hüquqlarını tapdalamaq və öz maraqlarını təmin etmək məqsədi güdür".
Deputat qeyd edib ki, Azərbaycan regionda sülh və sabitliyin təmin edilməsi üçün bir çox platformalarda konstruktiv mövqedə dayanır: "Ölkəmiz hər zaman beynəlxalq ədalətsizlik, beynəlxalq hüququn pozulması və digər bəşəriyyəti narahat edən məsələlərdə öz haqq səsini dünyaya çatdırmışdır.
Fransanın müstəmləkəçilik siyasəti beynəlxalq səviyyədə qınanmalı və tamamilə ləğv edilməlidir. Xalqların azadlıq hüququnun müdafiəsi üçün beynəlxalq ictimaiyyət bu siyasətə qarşı qəti mövqe sərgiləməlidir. Bu, yalnız tarixi ədalətin bərpası deyil, həm də dünya miqyasında sülh və bərabərlik prinsipinin təmin edilməsi üçün vacib addımdır.
Fransa qərəzli yanaşmasını tərk edərək, beynəlxalq hüququn prinsiplərinə uyğun fəaliyyət göstərməlidir. Azərbaycan beynəlxalq platformalarda öz həqiqətlərini çatdırmağa və Fransa kimi ölkələrin ikili standartlarını ifşa edərək ədalət uğrunda mübarizəsinə davam edəcək".