Əli Əsədov Türkiyənin vitse-prezidentinə başsağlığı verdi
Azərbaycanın Baş naziri Əli Əsədov yanvarın 21-də Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaza başsağlığı məktubu ünvanlayıb.
Bu barədə TNS-ə Nazirlər Kabinetindən məlumat verilib.
Məlumata görə, Ə.Əsədov Türkiyənin Bolu vilayətində yerləşən xizək mərkəzində baş verən yanğın nəticəsində insan tələfatı və yaralananlar barədə xəbəri dərin kədər hissi ilə qarşıladığını bildirib. Bu ağır faciə ilə əlaqədar Türkiyənin vitse-prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, bütün yaralılara şəfa diləyib.
Qeyd edək ki, Türkiyənin Bolu bölgəsinin Kartalkaya Xizək Mərkəzində hoteldə baş verən yanğın nəticəsində 66 nəfər ölüb, 51 nəfər yaralanıb.