Close

Ceyhun Bayramov AQEM-in Baş katibi ilə görüşdü

İqlim dəyişmələri ilə mübarizə sahəsində AQEM çərçivəsində layihələr üçün potensial var.

TNS xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay ilə görüşündə deyib.

Görüş zamanı tərəflər Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin prioritet istiqamətlərini, təşkilat çərçivəsində mövcud işlər və gələcək perspektivləri müzakirə ediblər.

Görüşdə Azərbaycanın çoxtərəfli diplomatiyada zəngin təcrübəsi və uğurlu sədrlikləri xüsusi vurğulanaraq Azərbaycan tərəfindən AQEM sədrliyi üzrə təqdim olunmuş konseptual sənədin təşkilatın gələcək inkişafı ilə bağlı, həmçinin ölkələr arasında əməkdaşlığın və etimadın möhkəmlənməsi üçün geniş istiqamətləri əhatə etdiyi məmnunluqla qeyd olunub.

Ceyhun Bayramov ideya müəllifi kimi Qazaxıstanın təşkilatın inkişafında əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb. Azərbaycan sədrliyi dövründə təşkilatın beynəlxalq rolunun və səmərəliliyinin daha da artırılması, üzv ölkələr üçün praktiki faydanın genişləndirilməsi, institusional inkişafın təmin edilməsinin vacibliyini qeyd edib. Təhsil, iqlim dəyişmələri, gənclər, media, nəqliyyat bağlantıları və bir çox digər istiqamətlərdə əməkdaşlığın inkişafının önəmi vurğulanıb. Nazir Azərbaycanın COP29 sədrliyi çərçivəsində qlobal iqlim gündəliyi ilə bağlı çox əhəmiyyətli qərarların qəbul edildiyini nəzərə alaraq iqlim dəyişmələri ilə mübarizə sahəsində AQEM çərçivəsində layihələr üçün potensialın olduğunu bildirib.

Baş katib Kayrat Sarıbay Azərbaycana səfər proqramının kifayət qədər geniş olduğunu, o cümlədən aidiyyəti qurumlarla keçiriləcək görüşlərinin AQEM üçün əhəmiyyət kəsb edən mövzular üzrə ətraflı məlumatın əldə edilməsi və Azərbaycanın sədrliyinin prioritetlərinin müzakirəsi baxımından faydalı olacağını ifadə edib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.