Close

16:50
15 Yanvar 2025

Deputat: "İran Azərbaycandan üzr istəməlidir"

“İranla münasibətimizdə zaman-zaman bir sıra problemlərin baş verdiyini görümüşük. 2020-ci ilə qədər olan dövrdə  və bu dövrə kimi İran, hamımıza məlum olduğu kimi, Ermənistanın mövqeyini dəstəkləyib. Ermənistanın ayaqda qalmasında əsas rol oynayan dövlətlərdən biri İran olub. 2020-ci ildə biz qələbəmizi təmin etdik. Bu dövrdə İran yenə dəstəyini davam etdirirdi”.

Bunu TNS-ə müsahibəsində millət vəkili Ceyhun Məmmədov deyib.

Deputat bildirib kik, ölkə başçımız İlham Əliyev 2021-ci ildə Şərqi Zəngəzura, Cəbrayıla səfər edərkən əlini Xudafərin körpüsünə uzadaraq onu dostluq körpüsü adlandırıb:

“Bununla da İrana mesaj verdi ki, bu günə kimi nə baş veribsə, biz bunların arxada qalmasını və sizinlə yeni əməkdaşlığın inkişafını istəyirik. Amma nə baş verdi? Prezidentin yerli mediaya müsahibəsində də qeyd etdiyi kimi, İran yenə də Ermənistana öz dəstəyini davam etdirdi. Avtomobillərin getməsi, erməni nömrələrinin vurulması, hətta bir az da dərinə getsək, terrorçuların Qarabağa getməsi və s. çoxlu sayda faktları gördük. Bu hadisələrin pik həddi kimi isə səfirliyimizə hücum, polisin gec gəlməsi, həmin insanın bu günə kimi cəzalandırılmaması və s. amilləri qeyd edə bilərik. Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti yenə də İranla münasibətləri normallaşdırmağa çalışdı. Söhbət səfirliyimizin fəaliyyətini yenidən bərpa etməsindən gedir. İranın Təhlükəsizlik Şurasının rəhbəri Azərbaycana gəldi, görüşlər keçirdi”.

Deputatın sözlərinə görə, Ərdəbil məscidinin din xadiminin həm Prezident İlham Əliyevi, həm də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etməsi, səsləndirdiyi fikirlər onu göstərdi ki, İran öz siyasətini dəyişmək fikrində deyil.

“Prezident çox əsaslı və qətiyyətli formada yerli mediya müsahibəsində İranın bu addımlarını tənqid etdi və öz münasibətini bildirdi. Biz ümid edirik ki, bu xəbərdarlıqlardan sonra İran öz siyasətini dəyişəcək və bu təxribatçı addımlara son qoyacaq. İndi bu hərəkətlərini Suriya ilə və ya hansısa məsələ ilə bağlayır. Suriya müsəlman ölkəsidir. Azərbaycanın ona yardım etməsi təbiidir. Bu məsələdə İran bizi ittiham edə bilməz. Biz qardaş Suriya xalqının yanındayıq. İranın da mənsub olduğu dinimiz bunu bizdən tələb edir. Buna görə Azərbaycana qarşı tənqid səsləndirmək, bizi ittiham etmək əsassızdır. İran tərəfinin öz siyasətlərini dəyişəcəklərini gözləyirik. Baş verən hadisəyə görə üzr istənilməlidir. Əslində, İranın bu gün özünün vəziyyəti o qədər də yaxşı deyil. Ona görə İran Azərbaycanla bütün körpüləri yandırmaqda maraqlı olmamalı və öz siyasətini dəyişməlidir”, - Ceyhun Məmmədov bildirib.