Close

"Azərbaycan Fars körfəzində böyük bir oyunçuya çevrilir"

"Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri strateji əhəmiyyət daşıyır".

Bunu TNS-ə açıqlamasında millət vəkili Tural Gəncəliyev deyib.

O bildirib ki, Azərbaycanın müsəlman dünyasında mövqeyi kifayət qədər güclüdür: “Biz, istər İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində, istərsə də Ərəb Dövlətləri Liqasında çox önəmli ölkəyik. Bunun da əsas səbəbi cənab Prezidentin güclü lider kimi ortaya qoyduğu siyasət, Azərbaycanın sərhədlərindən kənarda qlobal gündəliyin müəyyən edilməsindəki roludur. Azərbaycan 2014-cü ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçiləndə İslam dünyasının, Türk dünyasının, İslam Əməkdaşlıq Təşkilatının mövqeyini ortaya qoymuşdu. Böyük beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycanın və onun liderinin nüfuzu dünya səviyyəsində artıb.  Ərəb Dövlətləri Liqasında, körfəz ölkələrində Azərbaycan kimi tərəfdaşla müttəfiq olmaq hamının arzusudur.

Birləşmiş Ərəb Əmirlikləri Fars körfəzində önəmli dövlətdir. Azərbaycanın bu ölkə ilə münasibətləri ölkəmizin Fars körfəzində mühüm bir oyunçuya çevrilməsini də təsdiqləyə bilər. Çünki dünyanın enerji daşıyıcılarının Avropa və dünya bazarlarına neft və qaz ixracının əsas hissəsi məhz Fars körfəzindən keçməklə Ərəbistan dənizi və Hind okeanına çıxışla təmin olunur. Birləşmiş Ərəb Əmirlikləri buna görə çox önəmli ölkədir. Bu, artıq Azərbaycanın Fars körfəzində də böyük bir oyunçuya çevrilməsi deməkdir”.

Millət vəkili bildirib ki, digər tərəfdən Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə alternativ enerji sahəsində yeni texnologiyaların tətbiqində anlaşması ilə bağlı birgə hərəkət etməsidir: “Bununla yanaşı, biz həmçinin beynəlxalq tranzit xətləri və marşrutların yerləşdiyi bir regionda çox güclü və tərəfdaş partnyor əldə etməklə öz sözümüzü dünya siyasətində daha sərbəst deməyə başlayırıq”.