Close

Azərbaycanın qətiyyəti Fransa tərəfindən qıcıqla qarşılanır

Azərbaycan bütün dövlətlərlə normal qonşuluq münasibətlərini həmişə üstün tutub.

Bunu TNS-ə açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

O bildirib ki, dövlətimiz istənilən ölkə ilə bir-birinin daxili işinə qarışmadan, birgə maraqları ortaya gətirməklə əlaqələr qurulmasının tərəfdarı olub: “Buna baxmayaraq, bəzi dövlətlər daxili işlərimizə qarışmaq, düşmənçilik, ərazi bütövlüyümüzü, suverenliyimizi şübhə altına almaq siyasəti yeridirlər. Bu məsələdə Fransa “parlaq” bir nümunədir. Özünün həm daxili, həm xarici siyasətində kifayət qədər böyük və ağır problemlər olduğu halda Fransa administrasiyası vaxtaşırı Azərbaycanın daxili işinə qarışır, Azərbaycana zidd addımlar atır, bəyanatlar verir. Bu da Azərbaycan tərəfindən sakit qəbul edilə bilməz. Azərbaycan dəfələrlə bu məsələyə etirazını bildirib, Fransanın beynəlxalq hüquqazidd addımlarına son qoymasını tələb edib. Görünən ondan ibarətdir ki, Azərbaycanın qətiyyəti Fransa tərəfindən görülür və qıcıqla qarşılanır. Fransa prezidenti demək olar ki, hər çıxışında Azərbaycan mövzusuna toxunur, Azərbaycanın kiçik ada dövlətlərinin öz hüquqlarını qoruması məsələsində siyasətinə qarışır, hər hansı bir alternativ qoya bilmir”.

Deputat bildirib ki, Azərbaycan heç bir dövlətlə pis münasibətdə olmağı istəmir: “O cümlədən Fransa ilə də normal münasibətlər olmasını istəyirik. Fransanın qədim tarixi, fransız xalqının zəngin mədəniyyəti var və bu, Azərbaycan tərəfindən qiymətləndirilir. Amma Fransanın indiki rəhbərliyinin, eləcə də siyasi dairələrinin anti-Azərbaycan mövqeyini qəbul edə bilmirik. Əgər Fransada xoş niyyət olarsa, Azərbaycanla münasibətləri normal vəziyyətə qaytarmaq olar. Hər şey Fransanın istəyindən asılıdır. Amma Fransa hesab edirsə ki, “bacısı” Ermənistanın xeyirinə Azərbaycan öz milli maraqlarından, ərazi bütövlüyündən və suverenliyindən imtina edəcək, bu, heç vaxt mümkün olan məsələ deyil. Azərbaycan tərəfdən yaxşı münasibətlər təklifi ortadadır, növbəti addımı Fransa atmalıdır. Ancaq indiki hakimiyyətin Azərbaycanın xoş məramına müsbət cavab verəcəyinə inanmıram. Fransada keçirilən sonuncu rəy sorğusuna görə, rəyi soruşulanların 60 faizi Makronun istefasını tələb edir. Bu o deməkdir ki, Makron digər sahələrdə də çoxlu uğursuzluğa imza atıb”.

A. Mirzəzadə bildirib ki, Azərbaycanın xoş niyyəti, suverenliyini qorumaq qətiyyəti, xalq-iqtidar birliyi cənab Prezidentin dünən yerli telekanallara müsahibəsində bariz şəkildə ortaya qoyuldu.

Qeyd edək ki, dövlətimizin başçısı yerli telekanallara müsahibəsində Fransanın Azərbaycanla bağlı yürütdüyü siyasətdən və ölkələrarası əlaqələrin gələcək perspektivlərindən genişdanışıb. Azərbaycan Prezidenti deyib: "Mən prinsipcə heç vaxt danışmadığımız bir məsələni də çatdırmaq istəyirəm, zənnimcə, bu, hər hansı şəkildə böhrandan çıxmağa kömək edəcək. Son bir neçə ay ərzində biz Fransa hökumətinin nümayəndələrindən təmaslar qurulması üçün siqnallar alırdıq, mənim yaddaşımda onların sayı üç və ya dörddür. Müxtəlif şəxslərdən bizim müxtəlif nümayəndələrə müraciətlər daxil olub və həmişə cavab verilib: “Biz hazırıq”. Bəli, biz elə bu gün hazırıq, amma heç yerə getməyəcəyik, nə Parisə, nə də Brüsselə. Bizimlə görüşmək lazımdırsa, burada, Bakıda mümkündür. Hər dəfə hansısa bir mərhələ olur, sonra yenidən boşluq, sükunət yaranır".