Rusiya vətəndaşlarının Azərbaycanda qalma müddəti azaldıldı
Rusiya vətəndaşlarının Azərbaycanda müvəqqəti olma müddəti barədə qaydalara dəyişiklik edilib.
TNS xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn Rusiya Federasiyası vətəndaşlarının və Rusiya Federasiyasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gündən artıq ola bilməz.
Bu Qərar 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.
Qeyd edək ki, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bir neçə gün bundan əvvəl açıqlamasında bildirib ki, Rusiya Federasiyasının müvafiq qanunvericiliyinə edilən bir sıra dəyişikliklərə əsasən, 1 yanvar 2025-ci il tarixdən etibarən xarici ölkə vətəndaşlarının Rusiya ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaq. O həmçinin bildirib ki, qaydalara əsasən həmçinin xarici vətəndaşlar Rusiya dövlət sərhədini keçdiyi tarixdən 7 iş günü ərzində olduğu yer üzrə qeydiyyata düşməlidir.
Xatırladaq ki, hazırkı qaydalara görə bu müddət 180 gün ərzində 90 gün, 1 il ərzində isə 180 gündür.