Azərbaycanın Avropa ölkələri ilə münasibətləri qarşılıqlı maraqlar əsasında uğurla davam etdirilib
Azərbaycanın Avropa ölkələri ilə münasibətləri qarşılıqlı maraqlar əsasında uğurla davam etdirilib.
TNS xəbər verir ki, bu, Xarici İşlər Nazirliyinin 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında əksini tapıb.
Qeyd edilib ki, il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya, Böyük Britaniya və İtaliyaya işgüzar səfərləri baş tutub. Albaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Macarıstan və Slovakiyanın dövlət və hökumət başçılarının Azərbaycana səfərləri həyata keçirilib. 7 may tarixində Slovakiya ilə strateji tərəfdaşlığa dair Birgə Bəyannamə, 8 may tarixində Bolqarıstan ilə strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə imzalanıb. 5 iyun tarixində Bakıda xarici işlər nazirləri səviyyəsində Azərbaycan-Macarıstan arasında, 30 may tarixində isə Riqada xarici işlər nazirlərinin müavinləri səviyyəsində Azərbaycan-Latviya arasında strateji dialoqun iclasları keçirilib. 15-17 may tarixlərində Belarus Respublikasının Prezidentinin ölkəmizə dövlət səfəri baş tutub. 23 dekabr tarixində Serbiya Respublikasının dəvəti əsasında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın Səfirlər Müşavirəsində çıxış edib. Nazir çıxışı zamanı Azərbaycan-Serbiya strateji tərəfdaşlığının siyasi, iqtisadi, enerji, humanitar aspektlərindən, ölkələrimizi birləşdirən ümumi çağırışlar və bu çağırışlarla mübarizədə ortaq yanaşmamızdan ətraflı bəhs edib.