Close

Azərbaycan gələn il bu təşkilata sədrlik edəcək

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 49-cu iclasına və 2025-ci ilin birinci yarısı üçün sədrlik Azərbaycana təhvil verilib.

TNS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, onlayn formatda keçirilən QDİƏT Xarici İşlər Nazirləri Şurasının 49-cu iclasında Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev çıxış edib.

Nazir müavini çıxışında Azərbaycanın QDİƏT-in təsisçi üzvü kimi təşkilat çərçivəsində qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın gücləndirilməsinə daim töhfə verdiyini bildirib:

"Azərbaycanın təşkilatın daha nəticəyönümlü və praktik əməkdaşlıq platformasına çevrilməsi zərurətini dəstəkləyirəm".

Azərbaycanın Orta Dəhliz vasitəsilə regionun tranzit potensialını artırmaq və təhlükəsiz nəqliyyat marşrutları yaratmaq istiqamətində fəaliyyəti, yaşıl enerji sahəsində Avropaya ixracın artırılması və Qara Dəniz Sualtı Kabel layihəsi vasitəsilə enerji ötürülməsi ilə bağlı əldə olunan nailiyyətlərdən bəhs olunub.

Eyni zamanda COP29 çərçivəsində Azərbaycanın beynəlxalq iqlim gündəliyinin irəlilədilməsində əldə etdiyi mühüm uğurlar, xüsusən də iqlim maliyyəsinin artırılması və karbon bazarlarına dair razılaşmalarla bağlı irəliləyişlər diqqətə çatıdırılıb.

Gələn il QDİƏT çərçivəsində işçi qruplarının fəaliyyətinin gücləndirilməsi və üzv dövlətlər arasında sahəvi əməkdaşlığın genişləndirilməsinin Azərbaycanın əsas prioritetlərdən biri olacağı qeyd olunub, bu istiqamətdə üzv dövlətlər birgə qarşılıqlı fəaliyyətə dəvət edilib.

Tədbirin yekununda hazırki iclasın protokolu, bir sıra vacib qərarların qəbulu ilə yanaşı, 2025-ci ilin birinci yarısı üçün sədrlik Azərbaycana təhvil verilib.