Azərbaycan Fələstinə humanitar yardım məqsədilə 2 milyon dollar ayırdı
Bölgədəki gərgin vəziyyət dərin narahatlıq doğurur.
TNS-in xəbərin görə, bunu Baş nazir Əli Əsədov Qahirədə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşü çərçivəsində “Fələstin və Livanda vəziyyət” adlı xüsusi sessiyada çıxışında bildirib.
Baş nazir deyib ki, Qəzza və digər Fələstin ərazilərində on minlərlə günahsız insanın həyatını itirməsi, mülki infrastrukturun dağıdılması ilə müşayiət olunan böhranın humanitar nəticələri kritik səviyyəyə çatıb: “Bu baxımdan daha çox qan tökülməsinin qarşısını almaq üçün təcili tədbirlərin görülməsi zəruridir. İslam dünyasının ayrılmaz parçası olan Azərbaycan bu ağır dövrdə Qəzzanın sakinləri ilə həmrəyliyini ifadə edir. Biz zorakılığın artmasını, qeyri-bərabər gücdən istifadəni və mülki şəxslərin həyatlarını itirmələrini qətiyyətlə pisləyirik. Bu, beynəlxalq humanitar hüququn açıq-aşkar pozulmasıdır. Azərbaycan Fələstindəki qardaş və bacılarımıza maddi yardım göstərmək üçün hər zaman səy göstərmişdir. Ölkəmiz bu böhrandan təsirlənən Fələstin xalqına humanitar yardım göstərmək məqsədilə 2 milyon ABŞ dolları ayırıb. Bundan əlavə, Azərbaycan Fələstində 600 şagirdlik məktəbin inşasına da vəsait ayırıb.Fələstin xalqına humanitar yardımın göstərilməsi istiqamətində Azərbaycan tərəfindən bölgənin digər dövlətləri ilə yaxın təmaslar davam etdirilir. Biz bundan sonra da böhranın humanitar fəsadlarının aradan qaldırılmasında öz səylərimizi əsirgəməyəcəyik. Humanitar yardımdan əlavə, Azərbaycan Fələstinə beynəlxalq dəstək əldə etmək üçün də öncül rol oynamaqdadır. Bu xüsusda, biz bir neçə yüksək səviyyəli tədbirə ev sahibliyi etmişik. Bunların arasında İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin yaradılması və Qüdsün inkişafını dəstəkləmək məqsədilə Donor Konfransını xüsusi qeyd etmək istərdim”.