Close

13:01
26 Dekabr 2024

Xəyanətin pərdəarxası: "Meydan TV"nin əsl üzü ifşa olundu - VİDEO

Cənubi Qafqaz regionu xüsusən son dövrlər Qərbin maraq dairəsində özünəməxsus yer tutur.

TNS Oxu.Az-ın araşdırma yazısına istinadən xəbər verir ki, regionumuzda ölkələrin hər birində Qərb tərəfindən müxtəlif istiqamətlərdə planlar icra olunur. Ermənistan və Gürcüstanda nüfuz dairəsi daha geniş olan və fəaliyyətini şaxələndirmək imkanına sahib Qərb artıq bu ölkələrdə təhlükəli proseslərin rüşeymlərini əkməyi bacarıb. Yəni, bu ölkələrdə təhlükə artıq qapını döymür, qapıdan adlayıb bu ölkələrin daxili siyasət müstəvisinə sirayət edə bilib.

Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir. Əvvəla rəsmi Bakının güclü mövqeyi və iradəsi Qərbin ölkəmizdə at oynatmasına imkan vermir. Bununla yanaşı Azərbaycan öz regionunda diktə olunan deyil, diktə edən tərəfdir və bu dövlətimizin tam müstəqil şəkildə hərəkət etməsinə hər zaman imkan yaradır.

Ancaq yenə də Qərb Azərbaycana da nüfuz etməyə yollar axtarmağa davam edir. Təbii ki, bu prosesdə sapı özümüzdən olan baltalar sözügedən dairələrin işinə yarayır. Hədəf kimi Azərbaycan mətbuatının seçilməsi isə təsadüfi deyil, çünki fikir azadlığı, söz azadlığı, insan hüquqları adı altında daxili-siyasi sabitliyin pozulmasına yönəlmiş iddiaların işıq üzü görməsi üçün elə ən rahat platforma mətbuatdır.

Bu prosesdə xüsusi canfəşanlıq göstərən isə "Meydan TV"dir. Həmin "Meydan TV" ki onu tam əsaslı şəkildə Qərb dairələrinin ən çox nüfuz etdiyi media resursu adlandıra bilərik. Bu layihə xüsusən bir müddət əvvəl ABŞ və Qərb dairələrinin diqqət mərkəzinə düşüb.

Təbii ki, özünü "müstəqil media" kimi qələmə verən bu qurumun arxasında dayanan qüvvələr, maliyyələşdirən təşkilatlar onun mahiyyətini ortaya qoyur. Xüsusən maliyyə məsələsinə bir qədər nəzər saldıqda olduqca maraqlı mətləblər ortaya çıxır. Məsələn, qeyd edək ki, "Meydan TV"nin maliyyələşdirilməsi üçün Türkiyədə ABŞ vətəndaşının iştirakı ilə gizli və qanunsuz fəaliyyət göstərən ofis yaradılıb. Ofisin rəhbəri isə türk dilində mükəmməl danışan amerikalıdır. "Meydan TV" mənsubları öz aralarında bu şəxsi Mərt adlandırsalar da, əslində onların maliyyəçisi Metyu (Matthew) adlı şəxsdir. Artıq bu şəxs barəsində bir sıra faktlar ortaya çıxıb:

65dadfe1-1d27-3018-acac-890d3efecbc0
"Meydan TV"nin baş ofisi Berlin şəhərində yerləşir. Azərbaycandan əlavə Niderland Krallığı və Gürcüstanda nümayəndəlikləri var.

Media resursuna rəhbərlik edən ABŞ vətəndaşı 1992-ci il təvəllüdlü Met Kasper (Matthew Kasper) həmçinin Berlin şəhərində qeydiyyatdan keçmiş "Demokratiya uğrunda Assosiasiya" (Vereinigung für die Demokratie) adlı QHT-nin direktorudur. O, Nyu-York şəhərindəki Fordham Universitetində "Alman dili və ədəbiyyatı" ixtisası üzrə təhsil alıb, burada türk dilini öyrənib. 2014-cü ildə İzmir şəhərində ingilis dilini tədris edib, daha sonra Ankara şəhərində Orta Doğu Texniki Universiteti ilə Almaniyanın Humbolt Universitetinin birgə həyata keçirdiyi "Alman-Türk sosial elmləri" ixtisası üzrə magistr təhsili alıb.

Türk əsilli qadınla evlənən M.Kasper "Meydan TV" əməkdaşları ilə gizlilik məqsədilə "Mert Kasperoğlu" adı ilə türk dilində ünsiyyətdə yaradıb.

Beynəlxalq Jurnalistika Şəbəkəsinin (İnternational Journalism Network) rəsmi internet səhifəsində "Mühacirətdə media işini necə təşkil etmək?" mövzusunda paylaşılmış məqalə müəllifidir. M.Kasper "Meydan TV"dən əlavə Rusiya auditoriyasına hədəflənmiş "ROMB" (www.romb.tv) adlı media resursuna da rəhbərlik edib. Bu haqda məlumat "İnternational Journalism Festival" platformasının saytında da qeyd olunub.

M.Kasperin 2018 və 2019-cu illərdə Azərbaycana gəldiyi ortaya çıxıb. M.Kasper Bakı ofisinin rəhbəri, eləcə də Meydan TV-nin baş redaktoru Aynur Elgünəşə (A.Qənbərova) internet üzərindən tapşırıqlar verib, məvaciblər, ofislərin icarəsi və digər xərclər üçün maliyyə vəsaitlərinin göndərilməsini idarə edib.

A.Elgünəş də M.Kasperə maliyyə hesabatları yollayıb. Əmək haqqı ilə bağlı sənədlər Alman və Azərbaycan dillərində hazırlanıb, məvacibdən əlavə işçilərin ezamiyyət xərcləri və ildə bir dəfə tibbi müayinə xərcləri donorlar tərəfindən ödənilib.

28696e08-f7a2-3415-b331-7e899c6ffac2
Misal olaraq 07.10.2024-cü il tarixdə Met Kasper tərəfindən İstanbul şəhərində təqdim olunmuş 10.000 avro, 28.11.2024-cü il tarixdə isə İzmir şəhərində təqdim olunmuş 10.000 avro müxtəlif şəxslər tərəfindən ölkəmizə gətirilib.

M.Kasper müxtəlif qrant təşkilatlarından əldə etdiyi vəsaitlərlə "Meydan TV" əməkdaşlarını təlim məqsədilə Avropa ölkələrinə səfərlərə yollayıb. Bundan əlavə o, Azərbaycanın maraqlarına zidd materialların hazırlanması ilə bağlı xarici təşkilatların tapşırıqlarını müzakirə etmək və donorlarla görüş məqsədilə A.Elgünəşlə xarici ölkələrdə görüşüb.

Bir sıra media qurumlarının xaricdən qanunsuz maliyyələşməsi faktları ilə əlaqədar cinayət işləri başlandıqdan sonra M.Kasperin qanunsuz qrant vəsaitlərinin Azərbaycandakı bank hesablarına köçürülməsindən ehtiyat edərək pulun nağd şəkildə ölkəyə gətirilməsinə üstünlük verdiyi məlum olub.

Bu məqsədlə tranzit kimi istifadə edilən Türkiyə və Gürcüstanda M.Kasper A.Elgünəşlə birlikdə maliyyə şəbəkəsi formalaşdırıb, vəsaitlərin ölkəmizə çatdırılmasında etibar etdikləri maliyyə kanallarından istifadə edib.

Son 2 ay ərzində "Meydan TV"nin maliyyə təminatı üçün ölkə ərazisinə 75.000 avrodan çox vəsait qanunsuz yolla keçirilib. Bir sıra hallarda M.Kasper Berlindən Türkiyəyə səfər edərək vəsaiti Azərbaycana çatdıracaq şəxsə bilavasitə özü verib. Pulu ölkəmizə gətirən şəxslərin səfər xərcləri isə donorların ayırdığı vəsait hesabına məhz M.Kasper tərəfindən təmin edilib.

Pul vəsaitlərinin Gürcüstandan qanunsuz yolla keçirilməsini isə həmin ölkədə "Meydan TV"nin nümayəndəsi seçilmiş 1977-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Sevda Vidadi qızı Səmədova koordinasiya edib.

Onun vasitəsilə 11.10.2024-cü il tarixdə Ə.M. və F.M. tərəfindən Gürcüstandan ölkə ərazisinə 15.000 avro keçirilib. 13.10.2024-cü il tarixdə isə Sevda Səmədova Tbilisi şəhəri P.Kakabadze küçəsində yerləşən "Ginger" hotelində R.T. ilə görüşərək ona 5.000 avro təqdim edib. Görüşdə Sevda Səmədovanın həyat yoldaşı, Meydan TV üçün materiallar hazırlayan Aqşin Elçin oğlu Əsədov da iştirak edib.

Üstəlik məlum olub ki, media resursunun ölkəni tərk edərək Almaniyaya qaçmış əməkdaşları 1992-ci il təvəllüdlü Orxan Çingiz oğlu Məmmədov və 1995-ci il təvəllüdlü Ömər Elyar oğlu Məmmədov torpaqlarımız işğaldan azad edilərkən guya "ermənilərə qarşı etnik təmizləməyə yol verilməsi" propaqandası ətrafında ermənilərlə həmrəylik nümayiş etdiriblər. Onlar bu istiqamətdə anti-Azərbaycan qüvvələrinin təşkil etdikləri tədbirlərdə də aktiv şəkildə iştirak ediblər.

Bununla əlaqədar Orxan Məmmədov Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "ARTE" televiziya kanalında ermənilərin mövqeyini dəstəkləyən məzmunda çıxış edərək "Dağlıq Qarabağda 100 mindən çox erməni eko-bəhanə ilə ətraf aləmdən təcrid olunmuşdu, yeganə giriş yolu bağlanmışdı və bu səbəbə görə ərzaq yox idi. Daha sonra Azərbaycan hücuma keçdi və onları qovdular" məzmunlu təxribatçı fikirlər səsləndirib.

Bundan əlavə Orxan Məmmədovun Rusiyada sahibkarlıqla məşğul olub və "Qarabağ erməniləri"nə dəstək göstərən Arsen Sarkisovla Azərbaycan əleyhinə məqalələr yazılması istiqamətində əməkdaşlıq edib.

2-ci Qarabağ müharibəsi zamanı ermənilərin lehinə dezinformasiya yayan media orqanları ilə əməkdaşlıq etmiş Ömər Məmmədovun isə Aren Melikyan, Gerasim Avetisyan, Arpi Poqosyan və digər ermənilərlə "işgüzar əlaqələri" mövcuddur.

d933d268-ffda-311c-904d-3593036e129b

Bütün bunlar "Meydan TV"nin əsl mahiyyətini ortaya qoymaq və Qərb dairələri ilə əməkdaşlığını ifşa etmək üçün olduqca tutarlı faktlardır.

Onu da qeyd edək ki, "Meydan TV" son dövrlər bir sıra "ehtiyat tədbirləri" görsə də, yekunda yenə də ifşa olub. Məsələn, "Abzas media" ətrafında vəziyyət hər kəsə bəllidir. Fəaliyyəti, üzvlərinin aqibəti və maliyyələşmə metodlarından nəticə çıxaran "Meydan"çılar artıq ödəmə metodlarını dəyişərək, nağd yolla maliyyələşmə yoluna üz tutublar. Gömrük orqanlarının diqqətindən yayınmaq üçün pullar son dövrlərdə 5-10 min avro ətrafında nağd vəsait kimi ölkəyə cəlb olunub və "Meydan"çılara çatdırılıb. Bununla bağlı faktlar Met adlı şəxslə bağlı yuxarıda əks olunan məlumatlarda da təfsilatlı şəkildə göstərilib.

"Meydan"çıların Qərbdən aldığı son tapşırığın isə COP29-la bağlı qarayaxma kampaniyası olduğunu söyləmək olar. Ümumiyyətlə bu redaksiya son dövrlərdə Azərbaycana xələl gətirmək üçün xaricdən idarə olunan COP29-a qarşı kampaniyanı aktiv dəstəkləyirdi və Qarabağ qələbəsinə kölgə salmaq üçün materiallar verirdi. Bütün bu "redaksiya siyasəti" isə təbii olaraq xarici havadarların maraqlarını təmin edirdi.

Qərb bu nümunədə də Cənubi Qafqazı öz siyasi oyunlarının əsirinə çevirmək cəhdini bir daha göstərib. Ancaq Qərb dairələrinin istədiyi kimi olmadı və ola bilməz. Azərbaycan Gürcüstan deyil və bizim ölkəmizdə eyni ssenari ilə planlar sadəcə iflasa məhkum oldu.

"Meydan TV", "Abzas media" kimi layihələrin məqsədi məhz bu planlara şərait yaratmaq, cəmiyyəti aldadaraq yanlış yönləndirmək, ölkə daxilində ictimai-siyasi sabitliyə zərbə vurmaqdır.

Ancaq Azərbaycan dövləti bütün bu həmlələrə qarşı əzmlə cavab verir. Bütün bu hücumların, planların qarşısı alınır və rəsmi Bakı bir daha hər kəsə göstərir ki, Azərbaycan dövləti regionun söz sahibi ölkəsidir. Burada qaranlıq planlar və hiyləgər addımlar işləməyəcək. Hətta onların sapı özümüzdən olan baltaları da yaxşı anlamalıdırlar ki, Qərbin ipi ilə quyuya enənlər ən yaxşı halda əbədi olaraq həmin quyuda məhkum olacaqlar. Onların köməyinə Qərb diplomatları, ölkəmizdəki səfirləri də çatmayacaqlar. Çünki istənilən addım dövlətimizin nəzarətindədir və sözügedən səfirlərin arzuolunmaz şəxs elan edilməsi heç də çətin olmayacaq.

Bu mənada xatırladaq ki, dekabrın 4-də Bakıda keçirilən tədbir zamanı Avropa İttifaqı (Aİ), eləcə də ABŞ, Böyük Britaniya və İsveçrə səfirlərinin Azərbaycanda "jurnalistlər" və "siyasi fəallar"ın saxlanması ittihamı ilə bağlı mütəşəkkil müdaxilələri Azərbaycan XİN tərəfindən qəti şəkildə rədd edilib. XİN-in bəyanatında vurğulanıb:

"Bu bəyanatlar Azərbaycan məhkəmə sisteminin müstəqilliyinə açıq şəkildə zərbə vurmaq cəhdidir. Məhkəmə proseslərinə müdaxilə hüquqi dövlətin əsas prinsipi olan qanunun aliliyinə ziddir

Yekunda qeyd edək ki, bütün bunlardan dərs çıxarmalı olan isə həm Qərb, həm də onların tələsinə düşən azərbaycanlılardır. Kimlərsə xarici qüvvələrə güvənir, onlara arxalanaraq Azərbaycanda daxili sabitliyi poza biləcəklərini, ölkəmizdə xaos yarada biləcəklərini düşünürlərsə, bu əbəsdir, qurulan planlar, tələlər Azərbaycanda keçməyəcək!