Yüksəkixtisaslı miqrantlar üçün yeni güzəştlər müəyyənləşir
Yüksəkixtisaslı miqrantlar üçün yeni güzəştlər müəyyənləşir.
TNS-in xəbərinə görə, Miqrasiya Məcəlləsinə təklif edilən 3.0.10-1-ci maddəyə əsasən, yüksəkixtisaslı miqrant dedikdə yüksəkixtisaslı mütəxəssislərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi imkanlarının genişləndirilməsi məqsədilə tətbiq edilən proqram çərçivəsində müraciətləri müsbət cavablandırılmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər nəzərdə tutulur.
Qeyd edək ki, "Yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 iyun tarixli 156 nömrəli Sərəncamı əsasında ölkəmizdə yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi imkanlarının genişləndirilməsi məqsədilə "Yüksəkixtisaslı Miqrant Proqramı təsis edilib.
Qanun layihəsində yüksəkixtisaslı miqrantların əmək fəaliyyətindən ölkəmizdə səmərəli istifadə edilməsi və onların ölkəyə cəlb edilməsi prosesinin sürətləndirilməsi məqsədilə onlara və ailə üzvlərinə münasibətdə bir sıra güzəştlərin tətbiq edilməsi təklif edilir. Layihədə yüksəkixtisaslı miqrantlara işgüzar səfər məqsədi ilə giriş vizasının verilməsi, onların müvəqqəti və daimi yaşamaq icazəsi verilən şəxslərin siyahısına daxil edilməsi, Məcəllənin 49.2-ci maddəsində müvəqqəti yaşamaq üçün nəzərdə tutulan müddətin onlara şamil edilməsi, mütəxəssis olduğu sahə üzrə fəaliyyət göstərən yüksəkixtisaslı miqrantların iş icazəsindən azad olması, habelə yüksəkixtisaslı miqrantın ərinə (arvadına) və 23 yaşına çatmamış övladlarına münasibətdə iş icazəsinin verilməsi üçün müəyyən edilən əmək miqrasiyası kvotasının tətbiq edilməməsi nəzərdə tutulur.
Həmçinin "Dövlət rüsumu haqqında" qanuna əlavə edilməsi nəzərdə tutulan 14.8.2-1-ci və 14.8.5-1-ci maddələrin tələblərinə uyğun olaraq həmin Qanunla müəyyən edilmiş müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin verilməsinə və onun müddətinin uzadılmasına görə müəyyən edilmiş müddətlərin yüksəkixtisaslı miqrantlara, onların 23 yaşına çatmamış övladlarına və digər ailə üzvlərinə münasibətdə qısaldılması (müvəqqəti yaşamaq icazəsi vəsiqəsinə görə 5 iş günü, daimi yaşamaq icazəsi vəsiqəsinə görə 10 gün qısaldılması) nəzərdə tutulur.
Bundan başqa, qanunun 18.58-1-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən iş icazəsinin verilməsi və onun müddətinin uzadılmasına görə həmin norma ilə müəyyən edilmiş qısaldılmış müddətin yüksəkixtisaslı miqrantın ərinə (arvadına) və 23 yaşına çatmamış övladlarına da şamil edilməsi nəzərdə tutulur.