COP29 Azərbaycana olan etimadı daha da gücləndirdi
Ölkəmizdə COP29 tədbirləri gözlənildiyindən daha möhtəşəm keçirildi.
Bunu TNS-ə açıqlamasında "Soyqırım Həqiqətlərinin Tanıdılması" İctimai Birliyinin sədr müavini Ayşən Fəxrəddinqızı deyib.
O bildirib ki, möhtəşəmliyi ilə bütün dünyaya səs salan bu tədbirin ölkəmizdə keçirilməsi Azərbaycana olan etimadı daha da gücləndirdi: “Bütün dünyanın gözü Azərbaycanda idi. Bəzi ermənipərəst qüvvələr və Azərbaycanı istəməyən dövlətlər tədbirin Azərbaycanda keçirilməsinə mane olmağa çalışsa da, onların bu niyyəti baş tutmadı. Azərbaycan bir daha öz gücünü, qüdrətini, daxili və xarici siyasətini dünyaya nümayiş etdirdi. Bütün dünya gördü ki, Azərbaycan 11 ay ərzində necə möhtəşəm tədbir təşkil etdi. Tədbirin Azərbaycanda keçirilməsinə 196 dövlətin və Avropa İttifaqının dəstəyi ilə qərar verilib. Böyük bir tədbirə ev sahibiyi etməsi Azərbaycan dövlətinin, rəhbərinin düzgün qurduğu daxili və xarici siyasətin nəticəsidir. Açılışda 72 min nəfərdən artıq şəxs iştirak etdi. 80-dən çox ölkə bu tədbirdə rəhbərlik səviyyəsində təmsil olundu.
Tədbirin açılış mərasimində iştirak edən rəhbər şəxslərin çıxışında da qeyd edildi ki, bu proseslərdə Azərbaycan öndə gedən dövlətlərdən biridir. Tədbirdə əsas məqsəd dünyada havanın temperaturunun azaldılmasında çox ciddi dəyişiliklərin əldə edilməsidir. Azərbaycan da bu məsələyə daim dəstək verməkdə maraqlıdır”.
A.Fəxrəddinqızı bildirib ki, cari ilin əvvəlindən Azərbaycanın ictimai sektoru da bu mühüm beynəlxalq kampaniyada yaxından iştirak edir: “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin COP29 mövzusunda ayrıca müsabiqə elan etməsi QHT-lərin bu prosesdə effektiv iştirakına daha da təkan verdi. QHT-lər dünyadakı iqlim dəyişiklikləri, ekoloji tarazlığın pozulması, bu sahədə ölkəmiz üçün spesifik problemlərlə bağlı müxtəlif mövzulara müraciət ediblər. Həmçinin, COP29 pavliyonlarında QHT Forumu və digər QHT-lərin müxtəlif təqdimatları təşkil olundu. Biz iştirak etdiyimiz təqdimatlarda görürük ki, QHT sektoru COP29 tədbirlərində aktiv iştirak edib. Bu sahədə profilləşmiş QHT-lərimiz gələcək fəaliyyətlərində də bu mövzulara üz tutacaqlar”.