Close

"Paşinyanın 2023-cü ildə qondarma “müstəqillik”lə bağlı separatçı xunta rejiminə təbrikini heç kəs unutmayıb"

Üçtərəfli bəyanata istinadən kommunikasiyaların açılması məsələsində Ermənistan baş nazirinin açıqlaması Ermənistan rəhbərliyinin üzərinə götürdüyü öhdəliklərə dair etinasızlığı növbəti dəfə nümayiş etdirir.

TNS xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan baş nazirinin 12 oktyabr tarixində “Sülh qovşağı: təhlükəsizlik və demokratiyanın vəhdəti” adlı forumda çıxışı zamanı Azərbaycana qarşı səsləndirdiyi fikirlərə dair şərhində bildirilib.

Qeyd edilib ki, üçtərəfli bəyanatın 9-cu bəndində Ermənistanın kommunikasiyaların açılması xüsusunda hansı öhdəliklərinin olduğu, nəqliyyat əlaqəsi üzrə nəzarətin hansı formada təşkil olunacağı açıq-aydın təsvir olunub:

“Ümumiyyətlə, Ermənistanın 10 noyabr tarixli üçtərəfli bəyanatdan irəli gələn digər öhdəlikləri pozan fəaliyyətlərinə nəzər salsaq, ilk növbədə, Ermənistanın 2023-cü ilin sentyabr ayınadək öz qanunsuz silahlı birləşmələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmaması, humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın dəhlizi vasitəsilə Azərbaycan ərazilərinə əlavə silah-sursat, hərbi texnika, minalar ötürməsi, Azərbaycana qarşı mina terrorunu davam etdirməsi xatırlanmalıdır.

Üzdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən Ermənistan tərəfinin Azərbaycan ərazilərində saxladığı qondarma rejimin təbliğatını aparması və Ermənistan Baş nazirinin 2 sentyabr 2023-cü il tarixində qondarma “müstəqillik” ilə bağlı separatçı xunta rejiminə təbriklərini çatdırdığını heç kəs unutmayıb.

Bu baxımdan Ermənistan baş nazirinin Laçın dəhlizinin fəaliyyəti, qaçqın və məcburi köçkünlərin qayıdışına dair ritorik sualları yalnız təəccüb və istehza doğurur”.