Close

17:19
10 Noyabr 2024

“Bu yolun hər qarışı qürur və şərəf tariximizin parlaq səlnaməsidir"

“Azərbaycanın Dövlət Suverenliyi Günü Müstəqillik, Bayraq və Zəfər günləri ilə yanaşı dayanan ən önəmli bayramlarımızdan biridir”.

Bunu TNS-ə açıqlamasında siyasi şərhçi, Azərbaycan Ədalət, Hüquq və Demokratiya Partiyasının sədr müavini Elçin Mirzəbəyli deyib.

O bildirib ki, suverenlik dövlətin mövcudluğunun, müstəqilliyinin, bölünməzliyinin əsas elementi sayılır: "Dövlət suverenliyi dövlətin öz ərazisində vahid və şəriksiz üstünlüyü, beynəlxalq münasibətlərdə müstəqilliyi deməkdir.

Müasir beynəlxalq hüququn fəlsəfəsinə görə, dövlət ərazisinin böyüklüyündən, əhalisinin sayından, konstitusiya quruluşundan asılı olmayaraq, suverenliyə malikdir. Suverenlik dövlətin və dövlətçiliyin əsas əlamətidir və onu siyasi münasibətlərin xüsusi subyekti, cəmiyyətin siyasi sisteminin əsas tərkib hissəsi kimi səciyyələndirir.

Dövlət suverenliyi anlayışına beynəlxalq hüququn müstəqil subyektinin ərazisinin bütövlüyü və bölünməzliyi, sərhədlərinin toxunulmazlığı və onun daxili işlərinə kənar müdaxilənin yolverilməzliyi kimi fundamental prinsiplər daxildir".

E. Mirzəbəyli qeyd edib ki, dövlət suverenliyinin iqtisadi, siyasi və hüquqi əsasları var: "Dövlət suverenliyinin iqtisadi əsaslarını onun ərazisi, təbii və mədəni sərvətləri, siyasi əsasını isə sabit, bərqərar olmuş dövlət və onun institutlaşmış dövlət idarəçiliyi mexanizmləri təşkil edir. Suverenliyin hüquqi əsasında isə dövlətin konstitusiyası və digər hüquqi-normativ aktları, eləcə də dövlətlərin bərabərliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, suveren hüquqlarına müdaxilənin yolverilməzliyi hüququnu təsbit edən beynəlxalq hüququn qəbul edilmiş prinsipləri dayanır.

Bu baxımdan, Azərbaycanın bütün ərazisi üzərində dövlət suverenliyinin bərpasını ifadə edən Dövlət Suverenliyi Gününün təsis edilməsinə doğru aparan yolun hər qarışını millət olaraq qürur və şərəf tariximizin parlaq səlnaməsi hesab edirəm".

elcinmirzebeyli

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Ədalət, Hüquq və Demokratiya Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev 20 sentyabr tarixinin bayram kimi qeyd olunması ilə bağlı təklif irəli sürmüşdü.