Close

Polad Bülbüloğlunun seçkidə iştirakı təsdiqləndi - YENİLƏNİB

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizəd olacaq. 

TNS Modern.az-a istinadən xəbər verir ki, 124 saylı Şuşa-Ağdam-Xocavənd Dairə Seçki Komissiyasından məlumatı təsdiqləyiblər. Bildirilib ki, o, artıq müvafiq sənədləri sözügedən Dairə Seçki Komissiyasına təqdim edib.

Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyasının (YAP) 124 saylı seçki dairəsindən namizədi Leyla Babışovadır. O, YAP Şuşa rayon təşkilatının sədr müavinidir. Adıçəkilən seçki dairəsindən, həmçinin Azad Vətən Partiyasının (AZAD VƏTƏN) sədri Akif Nağının da namizədliyi irəli sürülüb.

Xatırladaq ki, Polad Bülbüloğlu 1945-ci ildə anadan olub. O, 1988-2006-cı illərdə Azərbaycanın mədəniyyət naziri olub. 2006-cı ildən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiridir. Diplomat 1995-ci ildə 45 saylı Şuşa–Cəbrayıl –Xocavənd seçki dairəsindən deputat seçilmişdi.

11:42

“Şuşalılar məni parlamentdə öz nümayəndələri olaraq seçsələr, onların etimadını doğrultmaq üçün hər şeyi edəcəyəm. Şuşadan deputat olmaq böyük şərəfdir”.

TNS xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Novoe vremya” portalına müsahibəsində bildirib.

Belə ki, o, jurnalistin “Azərbaycan hazırda növbədənkənar parlament seçkiləri keçirməyə hazırlaşır. Bununla əlaqədar olaraq soruşmaq istərdik, parlamentdə Qarabağın ürəyi - Şuşa şəhərini təmsil etmək üçün deputatlığa namizədliyinizi verməyi planlaşdırırsınızmı? Axı siz atanız, SSRİ Xalq artisi Bülbülün anadan olduğu və yaşadığı, sizin də həyatınızın çox hissəsini keçirdiyiniz şəhəri təmsil etməyə hamıdan çox layiqsiniz” sualına belə cavab verib:

“Siz, demək olar ki, düşüncələrimi oxuyaraq maraqlı sual verdiniz. Parlament seçkilərinin keçirilməsi istənilən dövlət və xalqın həyatında çox ciddi və məsuliyyətli hadisədir. Əlbəttə, ruhum oradadır. Mən artıq 3 dəfə “Xarıbülbül” festivalında iştirak etmişəm. Əsasını ötən əsrin 90-cı illərində qoyduğumuz festival ənənələrini davam etdirdiklərinə görə çox hörmətli İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Heydər Əliyev Fonduna, Mədəniyyət Nazirliyinə təşəkkür etmək istəyirəm. Və əlbəttə ki, Şuşanın doğma Azərbaycana qayıtması Ali Baş Komandanın xidmətidir. Hər birimiz canları bahasına doğma torpağın hər qarışını müdafiə edən əsgərlərimiz qarşısında borcluyuq. Əgər şuşalılar məni parlamentdə öz nümayəndələri olaraq seçsələr, onların etimadını doğrultmaq üçün hər şeyi edəcəyəm. Şuşadan deputat olmaq böyük şərəfdir. Bütün bu 30 il ərzində mədəniyyət beşiyi olan Şuşanın qaytarılmasını arzu edirdik və biz bunu etdik. İndi bizim əsas vəzifəmiz Qarabağın inkişafı və çiçəklənməsi üçün hər şeyi etməkdir”.

Xatırladaq ki, 79 yaşlı P.Bülbüloğlu 2006-cı ildən Azərbaycanın Rusiyadakı səfiridir.