Tahir Budaqovdan YAP-ın deputatlığa namizədlər siyahısı barədə AÇIQLAMA
![](/upload/files/xeberler/siyaset/2024/07/01/-e60e81c4161553924218244737111076939.jpg)
Xəbər verdiyimiz kimi, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.
Əsas müzakirə olunan məsələlərdən biri də hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədlər siyahısında kimlərin adının olub-olmaması barədədir.
TNS xəbər verir ki, YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov Gununsesi.info-ya açıqlamasında bu barədə danışıb.
YAP rəsmisinin sözlərinə görə, hazırda deputatlığa namizədlər siyahısı üzərində iş gedir: “Bir neçə gündən sonra YAP İdarə Heyətinin toplantısı olacaq və deputatlığa namizədlərimiz elan olunacaq”.
Yeni siyahıda hazırki deputatlardan kimlərin kənarda qalıb-qalmamasına gəlincə, Tahir Budaqov bu barədə suala belə cavab verib: “Bu barədə yalnız YAP İdarə Heyəti qərar verəcək. Onu da deyim ki, YAP əvvəlki dövlərdə olduğu kimi bəzi dairələrdə yenə də müstəqil namizədləri dəstəkləyəcək”.