Close

"Paşinyanın güzəştə getməyə hazır olduqlarını açıqladığı gün...” – AY Partiyadan etiraz BƏYANATI

Azərbaycan Yüksəliş Partiyası Rusiya Müdafiə Nazirliyinin qərəzli məlumatına etiraz bəyanatı yayıb.

TNS xəbər verir ki, bəyanatda Rusiya Federasiyası Müdafiə Nazirliyinin Rusiya hərbçilərinin nəzarətində olan Azərbaycan ərazilərindəki son durumla bağlı yaydığı məlumatda növbəti dəfə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı hörmətsizlik etdiyi vurğulanıb.

“Rusiya Müdafiə Nazirliyinin rəsmi məlumatında martın 24-25-də Azərbaycan Ordusunun rus sülhməramlıların məsuliyyət zonasına daxil olması, orada müşahidə postu qurması bildirilib. Məlumatda Azərbaycan tərəfinin 10 noyabr sazişini pozduğu iddia edilib.

Rusiya Müdafiə Nazirliyi növbəti dəfə ərazi bütövlüyümüzə hörmətsizlik edərək, Azərbaycan hərbçilərinin mövcud olmayan “Dağlıq Qarabağ Respublikası”nda yerləşən Fərrux dağı istiqamətində “Bayraqdar TB2” PUA-sı ilə 4 dəfə zərbə endirdiklərini qeyd edib.

Azərbaycan Yüksəliş Partiyası bildirir ki, Rusiya Müdafiə Nazirliyi heç bir əsası olmayan, birtərəfli qaydada məlumat yaymaqla bölgədə sülhün bərqərar olmasının tərəfdarı olmadığını bir daha sübut etmiş olur. Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Azərbaycan tərəfinin sülh müqaviləsi ilə əlaqədar tələblərini yerinə yetirmək üçün güzəştə getməyə hazır olduqlarını açıqladığı gün Rusiya Müdafiə Nazirliyinin bu məlumatı yayması onların xoşniyyətli olmamasının göstəricisidir.

Xatırladaq ki, bu, Rusiyanın rəsmi qurumlarının Azərbaycanın ərazi bötüvlüyünə qarşı ilk hörmətsizliyi, Azərbaycan Ordusu barədə yaydığı ilk uydurma məlumat deyil.

Ən son martın 7-də də Rusiya Müdafiə Nazirliyi Ukraynaya humanitar yardım edən ölkələr arasında “Dağlıq Qarabağ”ın adını da göstərmişdi.

AY Partiya Rusiya Müdafiə Nazirliyinin bu qərəzli mövqeyi ilə bağlı üzr istəməsini, təxribatlara son qoymasını tələb edir, Azərbaycanın aidiyyəti qurumlarını məsələyə adekvat reaksiya verməyə çağırır”, - bəyanatda bildirilib.