Ədliyyə Nazirliyindən cavab gəldi - Hansı partiyalar qeydiyyata alınıb?

“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının qanuna əlavə və dəyişikliklərə əsasən, ölkədə fəaliyyət göstərən siyasi partiyaların reyester məlumatları yenidən təsdiqlənməlidir.
TNS xəbər verir ki, bu il yanvarın 1-də qüvvəyə minən qanuna görə, partiyalar 180 gün ərzində 5 min nəfər üzvünün siyahısını Ədliyyə Nazirliyinə təqdim etməli idi. Ölkədə qeydiyyatdan keçmiş 60-a yaxın partiyanın yarısından çoxu bu müddətdə fəaliyyətini dayandırdığını açıqlayıb. Qalan partiyalar isə tələb olunan sənədləri nazirliyə təqdim edib.
Ədliyyə Nazirliyi bəzi partiyaların üzvlərinin siyahısının dəqiqləşdirilməsi aparılarkən göstərilən rəqəmlərin həqiqəti əks etdirməməsi səbəbindən həmin partiyaların sənədlərini geri qaytarıb və düzəliş üçün vaxt qoyub. Partiyalar düzəliş olunan siyahıları yenidən nazirliyə təqdim edib.
İlk mərhələdə sadəcə Yeni Azərbaycan Partiyası, düzəlişdən sonra isə daha bir neçə partiya qeydiyyata alınıb. Bunların arasında AMİP, ADP, Ümid, ANAP, HƏP, MDHP, AĞ Partiya və s. var.
Qalan partiyalar isə Ədliyyə Nazirliyindən cavab gözləyir.
Müsavat Partiyasının başqanı Arif Hacılı TNS-ə deyib ki, ilk mərhələdə nazirliyə 5200 üzvün adı olan siyahı təqdim olunub. İkinci dəfə isə nazirliyə 6200 nəfər üzvün siyahısı verilib: “Hazırda nazirlikdən cavab gözləyirik”.
Klassik Xalq Cəbhəsi Partiyası nazirlikdən cavab gözləyən təşkilatlar arasındadır. Sədr Mirmahmud Mirəlioğlu TNS-ə açıqlamasında bu günlərdə partiyaya rəsmi cavabın veriləcəyini bildirib.
Azad Vətən Partiyasının sədri Akif Nağı da saytımıza Ədliyyə Nazirliyinin qərarını gözlədiklərini deyib.
Müsasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev TNS-ə açıqlamasında lazım olan sənədləri təqdim etdiklərini deyib: "Amma hələ Ədliyyə Nazirliyindən cavab almamışıq. Hesab edirik ki, heç bir problem olmayacaq. Yəqin ki, yaxın günlərdə bizim partiyamızın da qeydiyyat məsələsi öz həllini tapacaq".
Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev TNS-ə bildirib ki, reyetr məlumatlarının təsdiqlənməsi üçün Ədliyyə Nazirliyinə müraciət ediblər: “Nazirliyin iradlarını haqlı hesab edirik. Bu, partiyamızın inkişafına xeyli töhfə vermiş oldu. Biz öz üzvlərimizin hamısını ayırd edə bilməmişdik. Bu məsələdə bizə böyük bir xidmət göstərmiş oldular. Biz iradları, nöqsanları aradan qaldıraraq yenidən Ədliyyə Nazirliyinə müraciət etmişik. Cavab gözləyirik”.
REAL, Böyük Quruluş, Ədalət partiyalarının da reyester məlumatları hələlik qeydiyyata alınmayıb.